Avropa Yenidənqurma və İnkişaf Bankının son Regional İqtisadi Perspektivlər proqnozunda qeyd edilir ki, Azərbaycan son iki ildə post-COVID dövründə güclü bərpa prosesi və yüksək karbohidrogen gəlirləri hesabına ciddi iqtisadi inkişafa nail olmuşdur. 2022-ci ildə qeyri-neft və qaz sektorunda 9 faiz olmaqla, istehsal həcmi 4,6 faiz artmışdır.
AYİB: "Azərbaycanda real gəlirlərin azalması inflyasiya təzyiqlərini azaldacaq"
FED.az xəbər verir ki, iqtisadiyyat iri həcmdə xarici valyutanın daxil olması, habelə yüksək neft və qaz qiymətlərinin ixrac gəlirlərini artırmasının müsbət təsirlərini görmüşdür. Həmçinin, əksəriyyəti Azərbaycan əsilli olmaqla, əsasən Rusiya Federasiyası vətəndaşları tərəfindən həyata keçirilən pul köçürmələri 6 dəfə artmışdır.
2023-cü ilin birinci rübündə neft-qaz sektorunda iqtisadi artım 4 faizədək düşüb, nəticədə iqtisadi artım 0,4 faizə qədər geriləyib. İnflyasiya tədricən normallaşsa da, 13,8 faiz səviyyəsində yüksək göstərici qeydə alınmaqdadır.
Ölkənin mərkəzi bankı tərəfindən sərt monetar siyasətin həyata keçirilməsi, eləcə də iqtisadiyyatın artım sürətinin zəifləməsi ilə əlaqədar inflyasiyanın mülayimləşəcəyi gözlənilir. AYİB Azərbaycanda artımın 2023-cü ildə orta səviyyədə 2,5 faiz, 2024-cü ildə isə 2,7 faiz olacağını proqnozlaşdırır.
AYİB Azərbaycan üzrə bu ilin fevral proqnozunda hər hansı dəyişiklik etməyib.