Almaniyada inflyasiyanın yüksəlməsi sürəti sentyabr ayında da davam edib.
Eləcə də bax: Almanların ən böyük narahatlığı: Enerji böhranı və inflyasiya
FED.az xəbər verir ki, sentyabrda ölkədə istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,9 faiz artıb. Bloomberg-in sorğusuna qatılan iqtisadçılar inflyasiyanın 10,2 faiz olacağını gözləyirdilər.
Sentyabrda illik inflyasiya göstərib ki, ölkə ümumi valyuta olan avroya keçiddən sonra ilk dəfə ikirəqəmli səviyyəyə çatıb.
Avqustda illik inflyasiya 8,8 faiz təşkil etmişdi.
Məlumatlara görə, sentyabrda qiymətlər avqust ayı ilə müqayisədə 2,2 faiz artıb. Bu məlumat üçün proqnoz 1,5 faiz idi.
Müxtəlif Avropa ölkələrində inflyasiyanın yüksəliş tendensiyası davam etdiyi müşahidə edilir. Avropa Mərkəzi Bankı faizlərini daha da artıracağı barədə açıqlamalar verməyə davam edib.
Çərşənbə günü Frankfurtda çıxış edən Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqard (Christine Lagarde), inflyasiya ortamüddətli perspektivdə 2 faiz hədəfinə çatana qədər faiz artımlarının növbəti bir neçə iclasda davam edəcəyi ilə bağlı bəyanatını təkrarlayıb.
Qiymət sabitliyinin ECB-nin prioriteti olduğunu qeyd edən Laqard, "Lazım olanı edəcəyik. Bu, bir neçə iclasda faizlərin artacağı deməkdir. Məqsədimiz tənəzzülə səbəb olmaq deyil, birinci prioritetimiz qiymət sabitliyidir. Qiymət sabitliyinin təmin edilməməsi iqtisadiyyata daha çox ziyan vuracaq, - deyib. O qeyd edib ki, enerji qiymətləri Avropada inflyasiyanı gücləndirən ən mühüm amildir. (Marja)