530-a yaxın hüquqi şəxs “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ qazanıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.
Eləcə də bax:Azərbaycanda gömrükdən mal keçirənlərin - SAYI İKİQAT ARTIB
“Ticarətçilərin, xarici ticarət iştirakçılarının ən böyük uğurlarından biri 2019-cu ildə “Yaşıl dəhliz”in tətbiqi ilə bağlı Fərmandır. Bu Fərmanın icrasına fevralın 1-dən başlanılıb və 530-a yaxın xarici iqtisadi fəaliyyət iştirakçısına həm idxalda, həm ixracda bu status tanınıb və qısa müddətdə illik 8 milyard dollara yaxın ticarət dövriyyəsi həyata keçirilib. Bu layihə özlüyündə dünyada ilk olmaqla yanaşı, ən modern layihələrdən biri kimi qəbul olunur. Eyni zamanda, iki istiqamətdə sahibkarlar bundan məmnunluğunu bildirir. Birinci istiqamət sahibkarların on milyonlarla əlavə vəsaitin gəlir olaraq kassalarında qalmasına yönəlib. Bu layihənin tətbiqi ilə sahibkarlar logistika və anbar xərclərindən azad olunur. Eyni zamanda, ikinci məsələ şəffaflığın tam təmin olunmasıdır. Qanuni ticarətlə məşğul olan sahibkarlar gömrük orqanlarına gəlmədən və heç bir gömrük məmuru ilə təmasa girmədən bütün əməliyyatlarını elektron şəkildə idarə edir və rəsmiləşdirməni başa çatdırırlar”, - deyə S.Mehdiyev qeyd edib.