2022-ci ildə antiinhisar və haqsız rəqabət halları üzrə ümumilikdə 60 iş qaldırılıb, 48 işə baxılması başa çatdırılıb. Nəticədə, təqribən 6,5 milyon manata yaxın maliyyə sanksiyası tətbiq edilib.
Azərbaycanda inhisarçılar yeni üsulla müəyyən ediləcək – XİDMƏTDƏN AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) 2022-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirilib.
Qeyd edilib ki, 2021-ci illə müqayisədə ötən il qaldırılan işlərin sayı 3 dəfə, baxılması başa çatmış işlərin sayı isə 2,2 dəfə artıb. Antiinhisar halları üzrə qaldırılan işlərin əksəriyyəti mobil telefon və qida məhsulları, haqsız rəqabət halları üzrə isə mühərrik yağlarının idxalı və ticarəti ilə məşğul olan sahibkarlıq subyektləri barədə olub. Qeyd olunub ki, antiinflyasiya tədbirləri çərçivəsində Dövlət Xidməti tərəfindən qarabaşaq, makaron, uzun düyü, mərci, zeytun yağı, marqarin, duz və çörək məhsullarının qiymətində artımlarla bağlı araşdırmalar aparılıb. Duz və qarabaşaq bazarı üzrə baxılması başa çatmış işlər nəticəsində 2 milyon manatadək mənfəətin dövlət büdcəsinə ödənilməsi barədə göstəriş verilib.
Təbii inhisarlara nəzarət sahəsində həyata keçirilən tədbirlər barədə də KİV nümayəndələrinə geniş məlumat verilib. Dövlət Xidməti tərəfindən 2022-ci ildə bu subyektlərin xidmətlərindən istifadə edən istehlakçı və sahibkarların müraciətləri təhlil olunub. Təbii inhisar subyektlərinin fəaliyyəti araşdırılıb, “Aztelekom” MMC-yə telekommunikasiya sahəsində rəqabət mühitinin yaxşılaşdırılması üzrə müvafiq daxili qaydaların 3 ay ərzində hazırlanması və tətbiqinə dair, “Azərbaycan Dəmir Yolları” QSC-yə isə dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması hallarının aradan qaldırılmasına dair göstəriş verilib.