Yaşayış binalarında, eləcə də həmin binalara bitişik tikililərdə ambulator-poliklinik tibb müəssisələrinin (kabinetlərin) yerləşdirilməsinə yol veriləcək.
Eləcə də bax: Azərbaycanda yaşayış binalarının ərazisində balıq satışı - QADAĞAN EDİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, Dövlət Şəhərsalma və Arxitektura komitəsinin kollegiyasının qərarı ilə təsdiqlənən “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb.
Normalara əsasən, o cümlədən: müalicə-sağlamlıq, reabilitasiya və bərpa müəssisələrinin, həmin mərkəzlərin nəzdində gündüz stasionarlarının yerləşdirilməsinə yol veriləcək.
Yaşayış binalarında yerləşdirilən tibb müəssisələri binanın əsas hissəsindən əsaslı divarlarla ayrılmalı, müstəqil ventilyasiya, kanalizasiya sistemləri və xəstələr üçün ayrıca girişlə təchiz edilməlidir.
Yaşayış binalarında tibb müəssisələri Səhiyyə Nazirliyinin 2009-cu il 07 aprel tarixli 37 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar” nəzərə alınmaqla yerləşdirilməlidir.
Binaların zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində palatalı şöbələrin, elektrik şüası ilə müalicə şöbələrinin, doğum şöbəsinin, prosedur və həkim kabinetlərinin, dispanserlərin bütün növlərinin, travmatoloji məntəqələrin, təcili tibbi yardım yarımstansiyalarının, bakterioloji laboratoriyaların, dəri-zöhrəvi, ruhi-əsəb, yoluxucu xəstəliklər üzrə həkim qəbulu kabinetlərinin, şüa diaqnostikası kabinetlərinin (rentgen, kompüter tomoqrafiyası, nüvəmaqnit rezonans), şüa terapiyası, radioizotop diaqnostikası və müalicə şöbələrinin yerləşdirilməsinə yol verilmir.
Qeyd edilib ki, dövlət sanitariya-epidemioloji xidmət orqanları ilə razılaşdırıldığı təqdirdə, yaşayış binalarında yerləşdirilən ambulator-poliklinik tibb müəssisələrində, üfüqi və şaquli istiqamətdə qonşu sahələr yaşayış təyinatı olmadığı halda şua diaqnostikası kabinetlərinin təşkilinə yol verilir.