Dünyanın ən populyar mesajlaşma platformalarından biri olan WhatsApp, bir müddətdir Android versiyasında mövcud olan mesaj tərcümə xüsusiyyətini artıq iPhone istifadəçiləri üçün də aktiv edib.
“WhatsApp”da yeni funksiya - Mesajlar dərhal tərcümə olunacaq
FED.az xəbər verir ki, yeni funksiya sayəsində istifadəçilər fərqli dillərdə gələn mesajları birbaşa tətbiqdaxili şəkildə tərcümə edə bilirlər. iPhone-da bu funksiya üçün mesajın üzərinə uzun basmaq, “Daha çox…” bölməsinə keçmək və menyudan “Tərcümə et” seçimini seçmək kifayətdir.
Tərcümə üçün lazım olan dil paketləri birbaşa WhatsApp vasitəsilə endirilir, beləliklə istifadəçilərin tətbiqdən çıxmasına ehtiyac qalmır. Funksiya həm fərdi yazışmalarda, həm də qrup və kanal söhbətlərində aktivdir.
Android-də əlavə olaraq “avtomatik tərcümə” rejimi də mövcuddur — bu seçim aktiv olduqda gələcək bütün mesajlar avtomatik olaraq tərcümə edilir.
WhatsApp şirkəti bildirib ki, tərcümə prosesi tam məxfilik prinsiplərinə əsaslanaraq cihaz üzərində həyata keçirilir. Funksiya hazırda iPhone-da 19-dan çox dili, Android-də isə İngilis, İspan, Hind, Portuqal, Rus və Ərəb dillərini dəstəkləyir. Şirkət dəstəklənən dillərin sayının zamanla artırılacağını açıqlayıb. (Marja)