Azərbaycanda son illər barter əməliyyatlarının həcmi artmaqdadır. Müxtəlif hüquqi-fiziki şəxslər, xüsusitə tikinti sektorunda çalışanlar pullu ödənişlər etməmək üçün müxtəlif vasitələrlə barterə gedirlər.
Eləcə də bax: Azərbaycanda tikinti mallarının – QİYMƏTİ ARTIB
FED.az xəbər verir ki, belə əməliyyatlar ən çox tikinti sektorunda, yeni yaşayış binalarının tikintisində müşahidə edilir. Tikinti materiallarının (kərpic, beton, armatur, plastik qapı-pəncərə, boru və sair) satışı ilə məşğul olanlar tikinti şirkətlərinə tikinti materialları verərək əvəzində həmin binalardan mənzil alırlar.
Hər iki tərəfin pul qıtlığı yaşadığı vəziyyət üçün bu əməliyyat sərfəli sayılır. Materialın əvəzinə mənzil alan şirkət sonradan həmin mənzili özü satışa çıxara bilir. Yeri gəlmişkən barter zamanı mənzillər daha ucuz satılır və adətən belə mənzillərin bazar qiyməti də nisbətən aşağı olur.
Tikinti şirkətləri barter əməliyyatı ilə tikinti materialı alıb, əvəzinə mənzil təqdim edərsə, tərəflər arasındakı bu əməliyyat Vergi Məcəlləsinə uyğun rəsmiləşdirilməlidir.
FED.az xəbər verir ki, bu barədə «Berc Group» mühasibat və hüquq şirkətinin sahibkarlar üçün təşkil etdiyi vergi qanunvericiliyi seminarında bildirilib.
Tədbirdə bildirilib ki, barter əməliyyatları Vergilər Məcəlləsinin 159.4-cü maddəsi ilə tənzimlənir. (159.4. Vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır.)
Seminarda bildirilib ki, tutaq ki, tikinti materialı satan hər hansı ticarət müəsisəsi tikinti şirkətinə 100 min manatlıq kərpic satır. Tikinti şirkəti isə bunun əvəzində məsələn, 60 kvadratmetr həcmində mənzil təqdim edir.
Bu zaman hər iki tərəf bir-birinə, yəni ikitərəfli elektron qaimə fakturalar verməlidir. Bu zaman bank hesabından pul məxaric-mədaxil əməliyyatı olmasa da, ƏDV məbləğləri bəribaşdan mədaxil məxaric olmalıdır.
Seminarda qeyd edilib ki, 2020-ci ildən etibarən barter əməliyyatları üçün ayrıca qaimə faktura da müəyyən edilib.