Bakıda mənzil qiymətləri bahalaşır.
Mərkəzi Bank yaxın zamanda faizlərini artıra bilər? - TALEH KAZIMOVDAN AÇIQLAMA
FED.az xəbər verir ki, Bakı şəhərində mənzil qiymətlərində, xüsusilə yeni tikililərdə müşahidə olunan davamlı artım Mərkəzi Bankın diqqət mərkəzindədir. Bu məsələ Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair qərarın açıqlanmasına həsr olunmuş mətbuat konfransında müzakirə olunub.
FED.az xəbər portalının mövzu ilə bağlı sualını cavablandıran Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, qiymət artımı Mərkəzi Bank tərəfindən diqqətlə izlənilir : “Biz artıq bu ildən mənzil bazarındakı qiymətləri təhlil edirik, proses nəzarətimiz altındadır. Hazırda artım 10,9% təşkil edir. Düşünürük ki, bu həm tələbin artması, həm də xərc amillərinin təsiri ilə formalaşır.”
Sədr əlavə edib ki, Mərkəzi Bank daxilində bu məsələ bir neçə dəfə müzakirə olunub və ipoteka kreditləşməsinin genişlənməsi ilə bağlı təşəbbüslər həyata keçirilir: “Bizim marağımız ondadır ki, əhalinin mənzil alışı üçün əlavə maliyyə məhsulları yaradılsın və ipoteka portfeli artsın. Bu, həm sosial baxımdan, həm də iqtisadi artım nöqteyi-nəzərdən çox vacibdir.”
Taleh Kazımov “mənzil bazarında sabun köpüyü yaranması” ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib. Onun sözlərinə görə, hazırda bazarda belə bir risk müşahidə edilmir: “Biz hal-hazırda mənzil bazarında hər hansı ‘sabun köpüyü’ müşahidə etmirik.”