Uçot dərəcəsinin neftin qiyməti ilə birbaşa əlaqəsi yoxdur.
Tək Taleh Kazımovun yox, əhalinin də - MANATA İNAMI ARTIR
FED.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair qərarın açıqlanmasına həsr olunmuş mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov uçot dərəcəsi ilə neftin qiyməti arasındakı əlaqə barədə sualı cavablandırıb.
Taleh Kazımov qeyd edib ki, uçot dərəcəsinin neftin qiyməti ilə birbaşa bağlantısı yoxdur və Mərkəzi Bank bu sahədə qərar verərkən bir neçə amili nəzərə alır:
“Uçot dərəcəsinin birbaşa neftin qiyməti ilə bağlı birbaşa bağlantısı yoxdur. Biz uçot dərəcəsini, pul siyasətimizə dair qərarları verəndə bir neçə amillərə baxırıq. Biz inflyasiyaya baxırıq və inflyasiyaya təsir edən amillərin tələb, yoxsa təklif olmasına baxırıq. Biz valyuta bazarına baxırıq, valyuta bazarı kəsirlidirmi, yoxsa profisitlidir. Sözsüz ki, neftin qiyməti cari əməliyyatlar balansına təsir edir, yəni bir-birinə bağlıdır. Amma neftin qiymətinin dəyişməsi ilə birbaşa uçot dərəcəsinin artımı və ya azalması arasında birbaşa əlaqəni görmürəm.”
Sədr əlavə edib ki, Mərkəzi Bankın proqnozlarına əsasən, neftin qiyməti 64–65 dollar ətrafında olacaq və inflyasiya əsasən idxal və xərc amillərindən formalaşır:
“Proqnozlarımız göstərir ki, neftin qiyməti 64–65 dollar ətrafında olacaq. Proqnozlaşdırdığımız inflyasiya əsasən idxal və xərc amillərindən formalaşır. Bu amillərə də bizim uçot dərəcəsinin təsiri kifayət qədər aşağı olur.”
“Bizim hal-hazırda mövqeyimiz ondan ibarətdir ki, proqnozlarımız reallaşsa həm neftin qiyməti, onun nəticəsi olaraq cari əməliyyatlar balansının profisiti, həm də proqnozlaşdırılan inflyasiya və ona təsir edən amillər proqnozlarımıza uyğun olarsa bizim pul siyasətimizi sərtləşdirmək istiqamətində planlarımız yoxdur. Yəni cari əməliyyat balansının profisitli olacağı, valyuta bazarında sabitliyin təmin olunduğu, inflyasiyanın 5,7–6% civarında olduğu və əsasən idxal və xərc amillərinin nəticəsi olaraq bu səviyyələrdə qaldığı şəraitdə bizim uçot dərəcəsinin sərtləşdirilməsi istiqamətində baxışımız yoxdur” - deyə sədr əlavə edib