Mənzil İnşaatı Dövlət Agentliyinin regionda ilk layihəsi – Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən 1 və 2 saylı binalar üzrə hər birində 72 mənzil olmaqla, ümumilikdə 144 mənzilin güzəştlə satışı prosesinə 17.08.2021-ci il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılmışdır.
FED.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 24.05.2017-ci il tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq satışa çıxarılan 144 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilmişdir. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 19 906 nəfərdir.
Bugünkü satış zamanı 144 mənzilin seçimində iştirak edənlərin sayı 1131 nəfər olmuşdur. Bu saata olan məlumata görə seçilmiş 144 mənzilin 97-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilmişdir.
Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında xüsusi karantin rejimi qaydalarına uyğun olaraq yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələrinin iştirakı ilə müşahidə edilmişdir.