İpoteka və Kredit Zəmanət Fondu (İKZF) əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Eləcə də bax: Kirayə üsulu ilə - 937 Mənzil Verildi
FED.az xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu ilin yanvar-iyul aylarında İKZF-nin müvəkkil bankları 3 445 ailəyə 230,5 milyon manat kredit verilib. Bunun 153,6 milyo manatı adi ipoteka kreditlərinin (2 040 ədəd), 76,8 milyon manatı isə güzəştli ipoteka kreditlərinin (1 405 ədəd) payına düşüb. Ümumilikdə, 2006-cı ildən bu günə qədər Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1,882 milyard manatdan çox, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 35 112 olub. Bu kreditlərin 625 milyon manatdan çox hissəsini (12 150 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edir.
Borcalanların iş yerlərinə görə pay bölgüsünə əsasən, onların 50%-ə qədərini özəl sektorda çalışanlar təşkil edib.
İpoteka kreditlərindən faydalananların 70%-ə yaxını gənclər və gənc ailələrdir.
Ötən müddətdə ipoteka kreditləşməsi hesabına alınan yaşayış sahələrinin orta qiyməti 81,1 min manat, orta kredit məbləği 55,9 min manat, orta illik faiz dərəcəsi isə 6,3% təşkil edib. MDB ölkələri ilə müqayisədə Azərbaycanda vətəndaşlar üçün ən əlverişli ipoteka krediti şərtləri tətbiq olunur. Müqayisə üçün Rusiyada ipoteka kreditləri üzrə minimal faiz dərəcəsi 6,1%, orta faiz 7,4% təşkil edir, Qazaxıstanda isə faiz dərəcələri 13%-dən başlayır.