Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) vətəndaşlara müraciət edib.
Eləcə də bax: Nazir: “Qanunsuz tikililərə qarşı tədbirlər uğurla davam etdirilir”
Şamaxı RİH-dən FED.az-a verilən xəbərə görə, müraciətdə deyilir.
“Son zamanlar Şamaxı rayonunda aparılan quruculuq-abadlıq işləri geniş vüsət almaqdadır. Şəhərsalma norma və qaydalarına uyğun görülən işlər rayona səfər edən qonaqların, eləcə də rayon sakinlərinin zövqünü oxşamaqla yanaşı müasir şəhərsalma standartlarına uyğun həyata keçirilir. Lakin bununla yanaşı təəssüf hissi ilə bildiririk ki, bəzi şəxslər tərəfindən aparılan və şəhərin estetik görünüşünə xələl gətirən, heç bir tikinti normalarına uyğun olmayan qanunsuz tikililərə də rast gəlinir.
Rayonda qanunsuz tikililərin qarşısının alınması, həmçinin şəhərsalma fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə rayon icra hakimiyyəti aidiyyəti qurumlarla birlikdə müzakirələr aparıb və bu sahədə baş verən qanun pozuntularının qarşısının alınması üçün bir sıra müvafiq tədbirlərin görülməsi qərara alınıb.
Rayon icra hakimiyyəti mövcud vəziyyəti nəzərə alaraq əhaliyə bir daha bildirir ki, hər hansı tikinti işlərinə başlamazdan əvvəl layihəni mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq icra hakimiyyətinin tikinti və memarlıq şöbəsi ilə razılaşdırmalı, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri ilə müəyyən olunmuş müvafiq rəsmiləşdirmə işləri aparıldıqdan sonra həyata keçirməlidir. Bununla əlaqədar vətəndaşlar istənilən layihə ilə bağlı hüquqi-texniki və memari dəstək almaq üçün rayon icra hakimiyyətinin tikinti və memarlıq şöbəsinə müraciət edə bilərlər.
Qeyd edək ki, rayon icra hakimiyyəti Şamaxının turizm rayonu kimi inkişafını nəzərə alaraq Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi və Dövlət Turizm Agentliyi ilə birgə rayonda inşa olunacaq fərdi evlərin, ticarət, xidmət və digər obyektlərinin yeni memarlıq üslubunu müəyyən etmişdir. Vətəndaşlar təmir-tikinti işlərini müəyyən olunmuş müvafiq memarlıq üslubunun tələblərinə əməl etməklə aparmalıdırlar”.
Müraciətdə qanunsuz tikintilərin həyata keçirilməsi halları baş verdikdə həm vətəndaşlar, həm də bu işlərə himayədarlıq edən vəzifəli şəxslərlə bağlı qanunamüvafiq qaydada ciddi tədbirlərin görüləcəyi bildirilib.