2019-cu il, oktyabrın 1-nə olan rəsmi məlumata görə, Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin həcmi 42 milyard 524 milyon dollar təşkil edir. İnvestisiya portfelinin isə 5,6%-i daşınmaz əmlakın payına düşür. Qəbul edilmiş investisiya siyasətinə əsasən, investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədəri daşınmaz əmlaka yönləndirilə bilər.
Eləcə də bax: Neft Fondunun yatırım etdiyi - QİYMƏTLİ KAĞIZLARIN – GƏLİRLİYİ 3 DƏFƏ AZALIB
FED.az xəbər verir ki, ARDNF bu yaxınlarda Milan şəhərinin tarixi mərkəzində yerləşən, ümumi sahəsi 10 360 kvadrat metr təşkil edən “Palazzo Turati” A tipli ofis binasını 112 milyon avroya “Invesco Real Estate Management Sarl” şirkətinə satdı.
Bəs, hazırda Fondun hansı əmlakları var?
ARDNF 2012-ci ildən etibarən Avropanın London, Moskva, Paris, Milan kimi bir sıra önəmli şəhərlərində, eləcə də Asiyada Seul və Tokio şəhərlərində yerləşən ofis və ticarət komplekslərinə investisiyalar yatırmaqdadır.
“78 Seynt Ceyms", Vest End, London, Böyük Britaniya: Ofis kompleksi
ARDNF daşınmaz əmlaka ilk investisiyasını Londonun West End səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən və dəyəri 177,4 milyon ingilis funt sterlinq təşkil edən ofis kompleksini almaqla həyata keçirmişdir.
Seynt Ceyms Londonda bir sıra tarixi memarlıq binalarının yerləşdiyi mərkəzi ərazidir ki, Seynt Ceyms küçəsi 78 ünvanında olan bu görkəmli tikili qeyd edilən ərazinin ən məşhur hissələrindən birində yerləşir. 1845-ci ildə tikilmiş bu bina tarixi fasadı saxlanılmaq şərtilə 2003-cü ildə yenidən təmir olunmuş və “A” tipli ofis binaları sinfinə tamamilə uyğunlaşdırılmışdır. Ümumi sahəsi 11 018 kv. metr təşkil edir.
“Qalereya Aktyor”,Tverskaya 16, Moskva, Rusiya: ofis-ticarət mərkəzi;
ARDNF Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri 133 milyon ABŞ dolları təşkil edən “Qalereya Aktyor”ofis-ticarət mərkəzini satın almışdır.
“Qalereya Aktyor” Moskva şəhərinin tarixi mərkəzində yerləşir. “Tverskaya” küçəsi məşhur mehmanxana və ofislərin, eləcə də bir çox beynəlxalq ticarət brendlərinin təmərküzləşdiyi ərazidir. Bina “Tverskaya” küçəsi və “Strastnoy” bulvarının kəsişməsində, Kreml və Qızıl Meydanın yaxınlığında yerləşir. 1881-ci ildə teatr binası kimi istifadəyə verilmiş bu bina tarixi fasadı saxlanılmaq şərtilə 1995-ci ildə yenidən təmir olunmuşdur. Binanın ümumi sahəsi 18 075 kv. metr təşkil edir. Əmlak müxtəlif maliyyə, sığorta və konsaltinq xidməti göstərən, eləcə də müxtəlif lüks və orta səviyyəli ticarət şirkətlərinə icarəyə verilmişdir. Binanın yerləşdiyi ərazinin müstəsnalığı, eləcə də Moskva ofis daşınmaz əmlak bazarının güclü fundamental əsasları bu investisiyadan daimi gəlirliliyin əldə edilməsinə şərait yaradan amillərdəndir ki, binanın ticarət obyektlərinə icarəyə verilən hissəsi üçün nəzərdə tutulan yeniliklər nəticəsində gələcəkdə bu gəlirliliyin daha da artırılması planlaşdırılır.
“8 Vandom meydanı", Paris, Fransa: Ofis və ticarət obyektlərindən ibarət daşınmaz əmlak kompleksi
ARDNF Paris şəhərinin Vandom meydanı 8 ünvanında yerləşən, dəyəri 135 milyon avro təşkil edən ofis və ticarət obyektlərindən ibarət olan daşınmaz əmlak kompleksinin satın alınmasına dair razılıq əldə etmişdir.
Bu investisiya ARDNF-nin daşınmaz əmlak portfelinin diversifikasiya edilməsi üzrə investisiya strategiyasına uyğun olaraq həyata keçirilmişdir.
Vandom meydanı Parisin ən görkəmli yerlərindən biri olub, şəhərin əsas mərkəz-biznes ərazisi hesab olunur. Yüksək biznes profilinə malik şirkətlərin ofislərinin və lüks mağazaların təmərküzləşdiyi bu ərazi həm daxili, həm də xarici investorlar tərəfindən ciddi maraqla qarşılanır və yüksək icarə haqqları ilə səciyyələnir. Özünəməxsus və zəngin memarlıq üslubuna malik olan bu meydan fransız klassikasının önəmli arxitekturalarından biri hesab olunur.
Bina XVIII əsrdə inşa edilmiş və hal-hazırda əsasən ofis, eləcə də ticarət və yaşayış məqsədlərilə istifadə edilən görkəmli tikilidən, eləcə də 1950-ci illərdə tikilmiş ofis binasından ibarətdir. 1712-ci ildə klassik fransız barokko üslubunda tikilmiş bina Kral XIV Luinin şərəfinə inşa edilmiş məşhur Vandom meydanının bir hissəsidir. Binanın ümumi sahəsi 5400 kv. metr olub, ofis, ticarət və yaşayış sahələri bir sıra nüfuzlu şirkətlərə, o cümlədən bir sıra maliyyə və hüquq xidməti şirkətlərinə, eləcə də zərgərlik məmulatları istehsal edən məhşur şirkətlərə icarəyə verilmişdir.
“Payn Avenyu A qülləsi” ofis kompleksi. Seul, Cənubi Koreya;
ARDNF Cənubi Koreyanın paytaxtı Seul şəhərində yerləşən və dəyəri 447 milyon ABŞ dolları təşkil edən “Payn Avenyu A qülləsi” ofis kompleksini satın almışdır.
Seulda əldə edilmiş daşınmaz əmlak kompleksi ARDNF tərəfindən Asiya və Sakit okean hövzəsində həyata keçirilən bu tipli ilk investisiyadır. Seul Asiyada uzun müddət ərzində ofis sektorunda davamlı mənfəətliliyi ilə seçilən ən cəlbedici investisiya regionlarından biridir. Bu, güclü inkişaf etmiş daxili iqtisadiyyata və yüksək kapitallı maliyyə sektorunun mövcudluğuna əsaslanır.
“Payn Avenyu A qülləsi” Seulun biznes mərkəzində - aparıcı Koreya və beynəlxalq təşkilatların ofislərinin cəmləşdiyi ərazidə yerləşir. Binanın tikintisi 2011-ci ildə başa çatdırılmışdır və son dövrlər ərzində Seul biznes mərkəzində yerləşən ən cəlbedici investisiya aktivlərindən biridir.
Əmlakın A klass sinfinə aid olması icarədarların bütün tələblərini cavablandıraraq binanın uzun müddətdə dəyərinin artmasına zəmin yaradır.
Binanın ümumi ərazisi təqribən 65 000 kvadrat metr təşkil edir.
"Kirarito Ginza" ticarət obyekti; Tokio, Yaponiya;
ARDNF Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən və dəyəri 52,3 milyard yapon yeni təşkil edən Kirarito Ginza ticarət obyektini satın almışdır.
Kirarito Ginza ticarət obyekti Yaponiyanın ən məşhur ticarət ərazisi sayılan Ginza rayonunda, Çou avenyuda yerləşir. Binanın tikintisi 2014-cü ildə başa çatdırılmışdır və son dövrlər ərzində Ginza rayonunda tikilən ən dəyərli investisiya aktivlərindən biridir. Binanın ümumi sahəsi 15 647 kvadrat metr təşkil edir və müxtəlif şirkətlər tərəfindən icarəyə götürülüb.
ena.az