Son illər dünyada baş verən siyasi və iqtisadi hadisələr Çin maliyyə bazarında faiz dərəcələrində yüksək dəyişkənliyə səbəb olub. ARDNF-nin Çin yuanı portfelinin əsas hissəsi sabit faiz ödənişli istiqrazlardan ibarətdir və bu istiqrazlar qiymət dəyişkənliyinə daha çox məruz qalır.
Bunu FED.az-ın sorğusuna cavab olaraq Dövlət Neft Fondundan bildiriblər.
Eləcə də bax: Neft Fondu bir ildə valyuta satışını - 3% AZALDIB
Məlumatda qeyd olunur ki, faiz dərəcələrindəki yüksək dəyişkənlik öz növbəsində portfelin gəlirliliyinə də təsir edib. Aşağıda göstərilən cədvələ nəzər yetirsək 2015-ci ilin ikinci yarısında və 2018-ci ildə qazanılan yüksək gəlirliliyin başlıca səbəbi olaraq həmin illərdə ilin əvvəli ilə müqayisədə ilin sonuna doğru Çinin əsas banklarının toplaşdığı Şanxayın Banklararası Satış Faiz Dərəcələrini xarakterizə edən Şibor faiz dərəcəsinin kəskin enişi nəticəsində istiqrazların qiymət artımını qeyd etmək olar. 2016 və 2017-ci illərdə yaşanan nisbətən aşağı gəlirliliyin isə əsasən həmin illərdə faiz dərəcələrinin illik artımından qaynaqlandığını göstərmək olar.
ARDNF-də Çin yuanında ifadə edilən aktivlərə 2015-ci ilin iyun ayında başlanılıb və ümumi olaraq yerləşdirilən sərmayələrin həcmi 3,0 milyard Çin yuanı təşkil edir. İnvestisiya dövrü ərzində isə bu yatırımların dəyəri artaraq cari ilin ilk yarım ilinin sonuna 3,4 milyard Çin yuanı qeydə alınmışdır. Bu dövr ərzində (iyun 2015 – iyun 2019) orta illik gəlirlilik göstəricisi 3,7% təşkil edib.
Çin yuanı portfelinin yaranma tarixindən illər üzrə Çin yuanında gəlirlilik göstəriciləri:
İllər |
Gəlirlilik (CNY) |
2015-ci ilin ikinci yarısı |
4,7% |
2016-cı il |
1,7% |
2017-ci il |
1,9% |
2018-ci il |
4,9% |
30.06.2019-cu il tarixinə |
1,6% |
Çin qiymətli kağızlarına yatırımlar üzrə gəlirlik yaranma tarixindən 30.06.2019-cu il tarixinədək 15,7% təşkil edib.
Yaranma tarixindən 30.06.2019-cu il tarixinədək orta illik gəlirlilik göstəricisi isə 3,7% olub.
Fonddan FED.az-a bildirilib ki, ARDNF-in idarəetməsində olan vəsaitlərin gəlirliliyinin ölçülməsi onların ifadə olunduqları hər bir valyuta üzrə ayrılıqda aparılır və ümumi portfelin də gəlirliliyinin hesablanması müvafiq valyutalar üzrə investisiya dəyərinin portfeldəki payına uyğun olaraq həyata keçirilir: «Lakin xüsusilə vurğulamaq lazımdır ki, Fondun valyuta vəsaitlərinin əsas gəlirlilik göstəricisi məhz aktivlərdən kupon (dividend, icarə haqqı), eləcə də əsas kapitalın dəyərinin dəyişməsi nəticəsində əldə edilən gəlirlərdir».
ARDNF-nin vəsaitlərinin bazar dəyəri investisiya portfeli üçün baza valyutası olan ABŞ dollarında da təqdim olunur.
Fonddan qeyd edilir ki, hər bir aktiv növü üzrə məzənnə dəyişkənliyi onun ABŞ dollarında olan ümumi gəlirliliyini təşkil edən komponentlərdən yalnız biridir (əsas kapitalın dəyəri və kupon komponentləri ilə yanaşı). «Nəticədə də mənfi məzənnə dəyişkənliyinə baxmayaraq, digər komponentlərin ümumi gəlirliliyə toplam müsbət töhvəsi nəticəsində Çin yuanında yerləşdirilən aktiv investisiyalarına başlanılma tarixindən etibarən olan dövr ərzində sözügedən aktivlər üzrə ABŞ dollarında da ümumilikdə müsbət gəlirlilik müşahidə edilmişdir».
Fonddan bildirilir ki, Çin maliyyə bazarlarına xarici kapital axınında ciddi məhdudiyyətlər mövcuddur və ARDNF yalnız Çinin Mərkəzi Bankından 3 milyard Çin yuanı həcmində investisiya üçün müvafiq lisenziya aldıqdan sonra bu valyutada ilkin yatırımlarına başlayıb.
ARDNF-nin Çinlə bağlı gələcək investisiya planlarına gəldikdə isə «Fondun investisiya strategiyasının tətbiqi çərçivəsində bu bazar yatırımlardan öncə olduğu kimi hal-hazırda da yaxından izlənilir, müvafiq təhlillər aparılır, müxtəlif investisiya imkanları araşdırılır və gələcəkdə bazar konyukturu da diqqətə alınmaqla dövlət istiqrazlarına investisiyaların həcminin artırılması ilə yanaşı, digər maliyyə alətlərinə, o cümlədən səhmlərə də investisiyalar nəzərdən keçirilə bilər».- deyə Dövlət Neft Fondunun verdiyi açıqlamada bildirilir.