Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) II Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişaf” sərgisində öz stendi ilə təmsil olunur.
Eləcə də bax: “MİDA” Cəbrayılda yaşayış kompleksi tikəcək - 527,578 MİN MANATLIQ MÜQAVİLƏ
FED.az xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin Aparat rəhbəri Fərman Qurbanlı yeni layihələri olan Füzuli və Cəbrayıl Yaşayış Kompleksləri haqqında məlumat verib.
O, bildirib ki, Füzuli Yaşayış Kompleksi Füzuli şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikintisi davam edən ilk yaşayış kompleksinin inşası 8,9 hektar ərazini əhatə edəcək. Yaşayış Kompleksi 2 ədəd 4-5 mərtəbəli (bir girişli), 4 ədəd 5 mərtəbəli (bir girişli), 4 ədəd 6 mərtəbəli (bir girişli), 8 ədəd 4-5 mərtəbəli (iki girişli), 2 ədəd 4 mərtəbəli (iki girişli), 12 ədəd 5 mərtəbəli (iki girişli), 2 ədəd 5-6 mərtəbəli (iki girişli), 4 ədəd 6-7 mərtəbəli (iki girişli) olmaqla ümumi 38 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 846 mənzil olacaq ki, onlardan 318-nin ikiotaqlı, 430-nun üçotaqlı, 98-nin isə dördotaqlı olması nəzərdə tutulur. İkiotaqlı mənzillərin sahəsi təqribən 54,2-68,3 kvadrat metr, üçotaqlı mənzillərin sahəsi 71,6-109,3 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə təqribən 92,8-108,4 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istilik və məişət üçün isti su ilə təmin olunaraq vətəndaşlara təklif olunacaq. Yaşayış binaları ilə yanaşı ərazidə sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, uşaq oyun meydançaları, idman meydançaları da fəaliyyət göstərəcək.
Həmçinin Cəbrayıl şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilməsi nəzərdə tutulan Cəbrayıl Yaşayış Kompleksinin inşası isə 7,87 hektar ərazini əhatə edəcək. Yaşayış Kompleksi 7 ədəd 5 mərtəbəli (iki girişli), 6 ədəd (iki girişli) və 20 ədəd (bir girişli) 4 mərtəbəli olmaqla ümumi 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil olacaq ki, onlardan 8-nin birotaqlı, 136-nın ikiotaqlı, 8-nin iki və üçotaqlı studio tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulur. Birotaqlı mənzillərin sahəsi 45-50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, iki və üçotaqlı studio tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istilik və məişət üçün isti su ilə təmin olunaraq vətəndaşlara təklif olunacaq. Kompleks 6 kvartaldan ibarətdir, hər kvartalda sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, giriş və çıxış pandusları nəzərə alınıb. Ərazidə velosiped yolları, istirahət, uşaq əyləncə və idman meydançaları inşa ediləcək. (Azərtca)