Bu ilin yanvar ayında yaşayış komplekslərinin birindən mənzil almışam, lakin ödənişdən sonra ƏDV-nin bir hissəsi qaytarılmayıb. Buna səbəb vaxtında məlumat verilməməsi olub. Hazırda müraciət etmək istəyirəm və bildirirlər ki, 90 günü keçdikdən sonra müraciət etibarsız sayılır. Bu haqda izahat verməyinizi xahiş edirəm.
Vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün 87,7 milyon manat ayrıldı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Prezidentinin 2022-ci il 25 may tarixli fərmanı ilə təsdiq edilib.
Qaydaya əsasən, ödənişi tam həyata keçirmiş alıcılar ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına, Qaydada nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim etməlidir.
Alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri satıcıya tam şəkildə ödənildikdən 90 (doxsan) gün sonra müraciət edildikdə, ƏDV-nin qaytarılmasına yol verilmir.
Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”