Uzun illərdən bəri həsrətində olduğumuz Qarabağın və Şərqi Zəngəzurun hər yerində böyük tikinti-quruculuq işləri gedir.
Eləcə də bax: Şəhid ailələri və qazilər "ASAN xidmət"dən - Növbəsiz İstifadə Edəcək
FED.az xəbər verir ki, yollar, tunellər çəkilir, körpülər, “ağıllı” kənd və şəhərlər salınır, hava limanları, elektrik stansiyaları, mühüm əhəmiyyətli obyektlər tikilir, bir sözlə, dağıdılmış, viran edilmiş ərazilərimizə təzə nəfəs, can verilir.
Bütün bunlarla bərabər, regionların sosial-iqtisadi inkişafı 4-cü Dövlət Proqramında nəzərdə tutulmuş layihələr də uğurla davam etdirilir. Bu isə ölkəmizin durmadan artan iqtisadi gücünün nəticəsidir. Belə layihələrdən biri Salyan şəhərində - Kür çayının sahilində inşa edilən “ASAN xidmət”in binasıdır.
Olimpiya İdman Kompleksi ilə yanaşı tikilən bu bina təyinatından əlavə, əraziyə xüsusi gözəllik qatacaqdır. “ASAN xidmət”in fəaliyyətinə gəldikdə isə o, Azərbaycanın brendlərindən biri kimi şöhrət tapmışdır. Vətəndaşlar onun süründürməçilikdən uzaq, operativ, təmənnasız xidmətindən razılıq edirlər. Təsadüfi deyil ki, bir sıra ölkələr bu qurumun fəaliyyətini yüksək dəyərləndirərək özlərində də tətbiq etmək arzusunda olduqlarını bildirmişlər.
Salyanda inşa olunan “ASAN xidmət”in tikintisində indi qızğın iş gedir. Dördmərtəbəli binanın mərtəbələrində blokla arakəsmə işləri aparılır, həyətində fəvvarə quraşdırılır. Obyektin həyətinə daxil olarkən buradakı səliqə-sahman diqqət çəkir. Tikinti materialları səliqə ilə ayrı-ayrı yerlərə yığılıb, daşınıb gətirilən torpaq yayılaraq həyətdə relyef bərabərliyi yaradıb. Bir azdan buraya müxtəlif növ dekorativ ağaclar əkiləcək, yaşıllıqlar salınacaq.
Tikintidə işlərin gedişinə nəzarət edən Elvin Məmmədlidən öyrəndik ki, obyektin layihəsi “M.D.M.” MMC, podratçısı isə “DİADEM” QSC-dir. Hazırda tikintidə təxminən 30 nəfər çalışır. Bənnalardan Kamal Həsənov, Mahmud Sadıqov, qəlibçi Emin Şahbazov, fəhlələrdən Fuad Nuriyev və başqaları işin kəmiyyəti ilə yanaşı, keyfiyyətinə də xüsusi diqqət yetirirlər.