Ölkəmizdə ipoteka krediti əldə edən zaman daha çox daşınmaz əmlak girov olaraq rəsmiləşdirilir. Belə ki, vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər. Daşınmaz əmlakların daha çox alqı-satqı prosesində iştirak etməsi və girov predmeti olması isə bu bazarın canlanmasına səbəb olur.
Eləcə də bax: Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu rayonlar açıqlanıb - SİYAHI
Əmlak Məsələləri Dövlət Xidmətindən FED.az-a bildirilib ki, cari ilin ilk 9 ayı ərzində Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri ilk üçlükdədir. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzillərdir.
Belə ki, yanvar-sentyabr ayları ərzində 29 min 375 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Girov qoyulmuş ümumi 51 min 347 əmlakdan 8946-sı torpaq sahəsinin, 7931-i isə fərdi yaşayış evinin payına düşüb.
Qeyd edək ki, doqquz ayda ölkəmizdə ümumilikdə 51 min 347 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 min 549 və ya 39,5 faiz çox olub.
Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi paytaxt Bakıda bağlanıb. Qeyd olunan dövr ərzində paytaxtda ümumilikdə 28 min 243 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 55 faizidir.