Milli Məclisin bu gün keçirilən iclasında “İpoteka haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.
Eləcə də bax: İKZF-nin nizamnamə kapitalı - 25,3% Artırılır - FƏRMAN
FED.az xəbər verir ki, dəyişiklik layihəsinə əsasən, qanuna yeni 43.7-1-ci maddə əlavə olunur. Həmin maddəyə görə, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində müqavilə qüvvəsinə malik olan protokol imzalayacaqlar.
Bununla yanaşı, ipoteka ilə bağlı Vergi Məcəlləsində, Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət reyestri haqında” qanuna dəyişikliklər təklif edilir. İrəli sürülən dəyişikliklərdə ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı mülkiyyət hüququnun rəsmiləşdirilməsinin və əldə edilmiş əmlakın satışı zamanı əsas borc həcmində dövriyyənin vergidən azad olunmasının qanunvericiliklə dəqiq tənzimlənməsi nəzərdə tutulub.
Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. (Trend)