2006-cı ildən başlayaraq İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən verilən ipoteka kreditlərinin ümumi məbləği 1,9 milyard manat təşkil edib, bu vəsait hesabına mənzil şəraitini yaxşılaşdıran ailələrin sayı isə 34,77 min olub.
Eləcə də bax: İpoteka və Kredit Zəmanət Fondu yarım ildə 2020-ci ildən - Böyük Mənfəət Əldə Edib
FED.az xəbər verir ki, bunu İKZF-in mətbuat katibi Yeganə Ramazanova deyib.
Onun sözlərinə görə, bu vəsaitin 619,9 milyon manatı güzəştli kateqoriyaya daxil olan şəxslərə verilib. Bununla yanaşı, ipoteka kreditlərinin 70 faizi gənclərin və gənc ailələrin payına düşüb:
"Azərbaycan Prezidentinin "2021-ci il dövlət büdcəsi haqqında" qanunun tətbiqi ilə bağlı 30 dekabr 2020-ci il tarixli fərmanına əsasən, bu il üçün İKZF-ə dövlət büdcəsindən ayrılan vəsait 87,5 milyon manat təşkil edir. Bu vəsaitin 71 milyon manatı nizamnamə kapitalının artırılması, 16,5 milyon manatı sahibkarlıq subyektlərinə verilmiş kreditlərə görə hesablanmış faizlər üzrə subsidiyaların maliyyələşdirilməsi üçün nəzərdə tutulub".
Y.Ramazanova əlavə edib ki, bu günədək səlahiyyətli banklar İKZF-in vəsaitləri hesabına sahibkarlara 232,2 milyon manat kredit ayırıb. Bu kreditlər üzrə Fond 30,7 milyon manatdan çox subsidiya ödəməyi öhdəsinə götürüb ki, bu məbləğin 16,5 milyon manatı artıq ödənilib: "Zəmanətli kreditlər hesabına maliyyələşən layihələrdə 21,6 min şəxs cəlb olunub. Bununla yanaşı, 3 200-dən çox iş yerinin yaradılması planlaşdırılır". (Trend)