2022-ci ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankları tərəfindən 217 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 6,7% çoxdur.
Eləcə də bax: Azərbaycan banklarında ipoteka kreditləri üçün - LİMİTLƏR AÇILIB - ŞƏRTLƏR
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
AMB-nin məlumatına görə, 2022-ci ilin 6 ayı ərzində İKZF 188,3 milyon manat məbləğində krediti təkrar maliyyələşdirib (2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə artım 24%).
Yanvar-iyun aylarında Fond ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 47,6 milyon manat vəsait (artım 33,7%) alıb. İyun ayında Fond dövlət büdcsindən vəsait cəlb etməyib.
Yanvar-iyun aylarında fond istiqrazların yerləşdirilməsindən 130 milyon manat (iyunda – 40 milyon manat) cəlb edib.
Bu dövrdə verilmiş ipoteka kreditinin orta həcmi 56,125 min manat təşkil edib. Kreditlər 282 ay müddətinə və illik 6,31% dərəcəsi ilə verilib.
2021-ci ildə İKZF-nin müvəkkil bankları tərəfindən 356,2 milyon manat məbləğində ipoteka krediti verilib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir. (İnterfaks-Azərbaycan)