Füzuli Yaşayış Kompleksiniin tikintisi bu ilin sonunadək başa çatacaq.
Füzulidə 850 mənzil tikilir - 2-3-4 otaqlı, sakinlərə təmirli veriləcək - PREZİDENT TANIŞ OLDU
Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Füzulidə inşa edilən Yaşayış Kompleksinin tikintisi bu ilin sonunadək başa çatacaq.
FED.a xəbər verir ki, MİDA-nın mətbuat katibi Diana Dadaşova jurnalistlərə açıqlamasında qeyd edib ki, ümumi sahəsi 8,9 hektar olan yaşayış kompleksi 38 binadan ibarətdir.
Kompleksdə 4, 5, 6 və 7 mərtəbəli binalarda ümumilikdə 846 mənzil olacaq. Onların 318-nin ikiotaqlı, 430-nun üçotaqlı, 98-nin isə dördotaqlı olması nəzərdə tutulur.
İkiotaqlı mənzillərin sahəsi 54-68 kvadratmetr, üçotaqli mənzillərin sahəsi 71-109 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 92-108 kvadratmetr təşkil edəcək.
Hazırda kompleksin inşası sürətlə və keyfiyyətlə davam etdirilir. Birinci məhəllədə inşa olunan 6 binada dəmir-beton konstruksiyaların quraşdırılması işləri başa çatdırılıb, ikinci məhəllədə yerləşən 6 binada isə dəmir-beton konstruksiyaların quraşdırılması işi yekunlaşmaq üzrədir. Eyni zamanda, birinci kvartalda xarici və daxili divarların hörgüsü və suvaq işləri tamamlanma mərhələsindədir Qalan binalarda isə dəmir-beton konstruksiyaların quraşdırılması işi davam etdirilir.
Eyni zamanda, bu binaların çoxunda hörgü və suvaq işlərinə başlanılıb. Tikinti işlərinin 2023-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır. Kompleksdə bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək.
Bütün binalar lift və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə təmin ediləcək. Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək.