Məlum olduğu kimi, işğaldan azad olunmuş Füzuli rayonunda infrastrukturun yenidən qurulması, ekoloji tarazlığın bərpası məqsədilə Mərkəzi Park salınır.
Füzulidə yaşayış binaları belə olacaq - VİDEO
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qarabağ Dirçəliş Fondunun məlumatına görə, şəhərin yeni Baş plan layihəsinə əsasən, orada məskunlaşacaq əhalinin kütləvi istirahətinə olan tələbatı nəzərə alınaraq parkın 22,47 hektar ərazidə salınması planlaşdırılır.
Hazırda Fondunun sifarişi və maliyyə dəstəyi ilə şirkətlərdən biri tərəfindən Füzuli Mərkəzi Parkının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması həyata keçirilir. Park sahəsində istirahət zonaları, açıq yaşıllıq sahələri, piknik və idman məqsədilə istifadə ediləcək zonalar, amfiteatr, kafe-restoranlar və s. kimi obyektlərin yaradılması nəzərdə tutulub.
Eyni zamanda parkda ərazinin relyefinə və ekoloji mühitinə uyğun olaraq eldar şamı, şərq çinarı, leylandii, italyan şamı, ağcaqayın, söyüd, zeytun və s. kimi ağac növlərinin, həmçinin müxtəlif dekorativ kolların və çiçəklərin əkilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Füzuli Mərkəzi Parkının pre-konsepti üzrə görüləcək işlər, ərazidə mövcud vəziyyət barəsində məlumatlar Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın ötən ilin mayında Füzuli rayonuna səfəri çərçivəsində təqdim edilib.