Azərbaycanda dövlət tərəfindən mənzillərin kirayə üsulu ilə satışı qaydalarında dəyişiklik var.
İlkin ödənişsiz, aylıq ödəniş 376 manatdan – MƏNZİLLƏR SATIŞA ÇIXARILDI - SİYAHI
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən «Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası»nda bəzi dəyişikliklər edilib.
Birinci yeniliyə əsasən kirayə ev almaq üçün müraciət edən şəxslər mənzillərdən birini seçməli olmayacaqlar. İndiyədək olan qaydalara görə, kirayə ev almaq üçün müraciət edən öz müraciətində Fondun elektron sistemdə yerləşdirərək satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahələrindən birinin ünvanını qeyd etməli idi – indi bu tələb olunmayacaq.
Əvvəllər müraciət qəbul edildikdən sonra Fond razılıq barədə qərarını elektron sistemdə yerləşdirdiyi gündən 10 iş günü müddətində kirayə müqaviləsinin rəsmiləşdirilməsi həyata keçirilirdi.
İndi bu müddət hər biri 7 gün olmaqla 2 yerə bölünüb.
Yeni qaydaya əsasən, Fond razılıq barədə qərarını elektron sistemdə yerləşdirdiyi gündən sonra müraciət edən şəxs 7 iş günü müddətində yaşayış sahəsini seçir. Yaşayış sahəsi seçildikdən sonra 7 iş günü ərzində fond həmin kirayə müqaviləsini rəsmiləşdirir.
Ən maraqlı yenilik, kirayə pulu verməyənlərə aiddir. Qaydalara görə, indiyədək fond bununla bağlı məhkəməyə müraciət edib kirayə müqaviləsini ləğv edə bilərdi.
İndi isə bu məsələ bir qədər dəyişdirilib – daha dəqiqi kirayəçinin xeyrinə yumşaldılıb. Belə ki, Fond kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı tədbirlərə başladıqda, əgər kirayəçi kirayə müqaviləsi üzrə yaranmış borc məbləğini kirayə münasibətlərinə xitam verilənədək (məhkəməyə müraciət edildiyi halda – məhkəmə qətnaməsi çıxarılanadək) tam ödəyərsə, Fond kirayəçi ilə kirayə münasibətlərini (məhkəməyə müraciət edildiyi halda – barışıq sazişi bağlamaqla) davam etdirir.