İpoteka və Kredit Zəmanət Fondu (Fond) kirayə üsulu ilə satış çərçivəsində Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində 328 tam təmirli mənzili vətəndaşlara təqdim edib.
Fonddan FED.az-a verilən məlumata görə, mənzillərin aylıq ödənişləri 376 manatdan başlayır.
Yaşayış kompleksi 14 mərtəbəli binalardan ibarətdir, tam təmirli mənzillərin otaq ayı 1-3 arasındadır. Burada mənzillər bütün kommunal xidmətlərlə (qaz, su, işıq) təmin olunub, sayğaclar quraşdırılıb və kupçalıdır.
Aylıq ödənişi 376 manatdan başlayan mənzillər ən kiçik - sahəsi 55 m2-a qədər mənzillərdir. Daha böyük mənzillərdə ödəniş fərqlidir.
Belə ki, 1 otaqlı 55 kv.m – 357.08 manatdan; 2 otaqlı 78 kv.m – 506.41 manatdan; 3 otaqlı 141 kv.m – 915.43 manatdan başlayır.
Kompleksin infrastruktur cəhətdən üstünlükləri
Yaşayış kompleksinin geniş həyətyanı sahəsi var. Həyətdə sakinlərin istirahəti üçün oturacaqlar, müxtəlif idman qurğuları və uşaq oyun meydançası quraşdırılmışdır. Binanın yeraltı qarajı mövcuddur.
Kompleksin yerləşmə yeri
Kompleks Saray qəsəbəsinin Sumqayıt şəhəri istiqamətindən girişində, çox əlverişli ərazidə yerləşir. Yaxınlıqda ümumtəhsil məktəbi, uşaq bağçaları, kafelər, mağazalar, bank filialları mövcuddur. Kompleksin yaxınlığında avtobus dayanacağı var.
Mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 23 may 2024-cü ildən etibarən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 4434 vətəndaşla kirayə müqaviləsi bağlanıb.
Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə, elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş təlimatdan əldə etmək mümkündür.