“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu həftə Nəsimi və Nərimanov rayonları üzrə 759 mənzilli 5 binanı əhatə edəcək.
Əmlak Məsələləri Dövlət Komitəsindən FED.az-a bildirilib ki, Prezident İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanındakı tapşırıqlara əsasən komitə səyyar qeydiyyat aksiyaları keçirir. Hər həftə paytaxtda istismarına icazə verilən binalarda təşkil edilən kampaniya bu dəfə Nəsimi və Nərimanov rayonlarında davam edəcək. Komitə tərəfindən keçirilməkdə olan səyyar kampaniyalar vətəndaşların fəal formada qeydiyyat xidmətindən istifadəsinə, məmnunluq və rahatlığın təminatına yönəlib.
Komitənin səyyar ofisləri ünvanlar üzrə müəyyən edilmiş qrafiklə oktyabrın 7-dən 10-dək istismarına icazə verilmiş çoxmərtəbəli binalarda səyyar xidmətlər göstərəcək. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu həftə 759 mənzilli 5 binanı əhatə edəcək. Oktyabrın 7-də sosial aksiyadan Nəsimi rayonu, 3-cü mikrorayon A.Mustafayev 1D ünvanındakı 10 mərtəbəli, 108 mənzilli bina, 8-də isə Bakıxanov 758-759 məhəllədəki 22 mərtəbəli, 204 mənzilli bina sakinləri yararlanacaq. Nəsimi rayonu üzrə kampaniya oktyabrın 9-da Ə.Salamzadə 3000-ci məhəllədəki 17 mərtəbəli, 176 mənzilli binada, 10-u isə Hənifə Ələsgərov 4 ünvanındakı 18 mərtəbəli, 119 mənzilli binada keçiriləcək. Nərimanov rayonu üzrə keçirilən kampaniya oktyabrın 11-də F.Yusifov 1987-ci məhəllədəki 20 mərtəbəli, 152 mənzilli binada davam edəcək.
Ünvanlarındaca mənzillərin dövlət qeydiyyatı xidmətindən istifadə etmək istəyən vətəndaşlar ilkin sənədlər ilə birgə səyyar ofisə yaxınlaşa bilər.
Komitənin səyyar ofisləri göstərilən tarixlərdə, saat 09:00-dan 17:00-dək müvafiq ünvanlardakı binaların həyətlərində vətəndaşlara xidmət göstərəcək.