Milli Məclisin deputatı Elnur Allahverdiyev “Sovetski” ilə bağlı Baş nazir Əli Əsədova müraciət edib.
Eləcə də bax: «Sovetski»dən köçürülənlərə 32 milyon manat ödənilib – AÇIQLANDI
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, millət vəkili parlamentdə çıxışı zamanı bildirib ki, “Sovetski” kimi tanıdığımız ərazinin bir qismində müasir şəhərsalma standartlarına uyğun olaraq abadlıq işləri həyata keçirilsə də, müəyyən problemlər hələ də qalır:
“İcazənizlə mənim bir qısa sualım var. Sualım Yasamal rayonu ərazisinə düşən tarixi Bayır şəhər, hamımızın daha çox “Sovetski” kimi tanıdığımız ərazidir.
Bildiyiniz kimi, bu ərazinin bir qismində Bakı şəhərinin baş planına əsasən, müasir şəhərsalma standartlarına uyğun olaraq abadlıq işləri həyata keçirilib. Gözəl park salınıb, paytaxtımızın ən gözəl guşələrindən birinə çevrilib. Ancaq müəyyən problemlər qalmaqdadır. Belə ki, müxtəlif illərdə buradan köçürülmüş vətəndaşlar onlara verilən kompensasiyanın həcmindən narazılıq edirlər, zaman-zaman həm Milli Məclis, həm Nazirlər Kabineti, həm də Maliyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirirlər.
Söküntü ərazisi Yasamaldan seçilmiş 3 deputatın seçki dairəsini əhatə edir. Buna görə də bu vətəndaşlarla biz görüşməli, onların şikayətlərini dinləməli oluruq. Dövlətimiz üçün vətəndaşın qayğıları birinci dərəcəlidir. Bu baxımdan, bu problemin kompleks şəkildə və birdəfəlik həlli mümkündürmü?”