Bakının Yasamal rayonunda, «Sovetski» adlanan ərazidə, dövoət ehtiyacları üçün 2010 ev və obyektin sökülməsi qərara alınıb, indiyədək bunlardan 1964-ü köçürülüb.
FED.az xəbər verir ki, bu barədə Yasamal rayonunda 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclasında İcra başçısı Elşad Həsənov bildirib.
Onun sözlərinə görə, «Sovetski» adlanan ərazidə əvvəlki mərhələdə sökülərək boşaldılmış ərazidə abadlıq işləri başa çatdırılıb.
Başçı bildirib ki, Nazirlər Kabinetinin 51 nömrəli 16 fevral 2018-ci il və 572 nömrəli 29 dekabr 2018-ci il tarixli Qərarları ilə Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması müəyyən edilib.
Həmin qərarların icrası üçün yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınmasına 2018-ci ilin may ayından başlanıb və indiyədək 2002 ailənin yaşadığı 1964 obyekt dövlət ehtiyacları üçün satın alınıb.
Toplantıda bildirilib ki, Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən 2018-2019-cu illərdə «Sovetski»dən köçürülmüş sakinlərə vəsait ödənilib.
Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş hesablanma qaydasına uyğun olaraq Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 2002 ünvan üzrə 1969 daşınmaz əmlak sahibinə 32 087 842 manat məbləğində əlavə maddi yardım ödənilib.