Söhrab Rəhimov inşaat sektorunun layihələndirməsi, təşkilində yeni texnologiyaların tətbiqi, dayanıqlı arxitektura prinsipləri və müasir rasional fəlsəfəsini dəstəkləyən, 24 illik təcrübəyə sahib ekspertdir. O, müasir texnologiyaların Azərbaycanda tətbiqini və yeni nəsil memarların yetişdirilməsini ən prioritet məsələlərdən sayır.
FED.az memar Söhrab Rəhimovla alternativ enerji ilə öz-özünü təmin edən yeni tip binaların inşası ilə bağlı müsahibəni təqdim edir.
- Təbii ehtiyatların tədricən tükənməsi yeni nəsil memarları prinsipial olaraq başqa tip binaların inşasına məcbur edir. Bina nəinki möhkəm və davamlı olmalıdır, o, həm də müasir günün tələbinə cavab verməli, öz funksionallığını təmin etməlidir. Bu barədə nə deyə bilərsiniz? Gələcəyin inşaatı və memarlığı necə olacaq? Bizi nə yeniliklər gözləyir?
- Ümumiyyətlə, tükənməyən təbii ehtiyat yoxdur. Hər birinin özünəməxsus ömrü var. Təbii ehtiyatlardan faydalanarkən ətraf mühitin təmiz qalmasına və ən az şəkildə çirklənməsinə önəm verməliyik. Hər hansı ehtiyatın ucuz olması və istifadəsi yalnız tərəzinin bir gözüdür. Ucuzluq biz insanlara lazımdır, təbiət isə ona verilən ziyanı əfv etmir. Azərbaycanda neft-qazdan alınan elektrik enerjisi alternativ yollarla əldə edilən elektrik enerjisinə görə ucuz başa gəldiyi üçün yeni texnologiyaların tətbiqi qiymət baxımından bizə sərfəli deyil. Ancaq bunun belə davam etməyəcəyini bilməliyik və çətin anlara əvvəlcədən hazır olmalıyıq.
Avropada isə alternativ enerjiyə tələbat uzun illər öncə yaranıb. Məsələn, Almaniyada bəzi şəhərlərin istilik enerjisi tələbatı termal suların vasitəsilə reallaşır. Elektrik enerjisi barəsində də geri qalmırlar. Binaların elektrik enerjisinə olan tələbatının bir hissəsini orada quraşdırılmış avadanlıq qarşılayır.
Məsələn, bina elementləri standart hala gətirilə bilər, yəni balkon məhəccərləri yerinə günəş elektrik və isti su panelləri quraşdırıla, pəncərə şüşələri özəl texnologiya ilə elektrik enerjisi qazandıra bilər. Bakı küləklər şəhəridir, deməli külək enerjisindən istifadə etmək olar. Hətta dənizdə çox kiçik bir dalğadan belə elektrik enerjisi almaq olar. Artıq Avropada istifadə edilən küçə işıqlandırmaları gündüz vaxtı Günəşdən aldığı enerjini saxlayaraq gecə işə salır. Bunun kimi bir çox fikir istehsal etmək olar. Əsas su xətləri üzərində modul olaraq qurula bilən elektrik turbinlərindən elektrik almaq, kənd təsərrüfatının aktiv olduğu yerlərdə bioenerjidən yararlanmaq olar. Bir sözlə gələcəkdə bizi təmiz və israfsız bir dünya gözləyir.
- Müasir tipdə inşa edilən binalarda özünü enerji ilə təmin edə biləcək qədər günəş paneli, xüsusi havalandırma sistemi və hətta artıq istifadə edilmiş isti havanın yenidən evin qızdırılması üçün yenidən geri qaytarılması kimi ideyalar mövcuddur. Hətta kifayət qədər eksperimental tikililər də var. Amma bu ideyaların kütləvi olmadığını görürük. Nə zaman bu tip tikinti və memarlıq hər yerə çatacaq? Köhnə inşaatdan imtina üçün nə tələb olunur?
- Bizdə mövcud elektrik enerjisi alternativ enerjidən ucuz başa gəldiyi üçün kütləvi istehsalatdan söz gedə bilməz. Ancaq ən azından bunun layihəsini işləyib gələcək nəsillərə saxlaya bilərik. Ya da fikrimcə, bu yaxın 5 ildə özü reallaşa bilər. Köhnə inşaatdan imtina etmək fərdin özünə aiddir. Təbii ki, biz yeni inşaatda insanların təməl ehtiyaclarını təmin edə bilsək, təməl ehtiyaclarını qarşılamayan köhnə tikililərdən insanlar özləri imtina edəcəklər. Əgər təməl ehtiyac da SSRİ zamanında sadəcə insanları komfortsuz evlə də olsa, təmin etmək idisə, bu gün onlar dəyişir. İnsanlar daha rahat, gözəl evləri arzu edirlər. Bir də binanın ömrü əbədi deyil, zaman ötdükcə dəyəri azalır. Sovet “xruşovka”ları tədricən sökülərək yeni, daha müasir binalarla əvəzlənəcək. Yeni tikilidə yeni standartları tətbiq etmək olacaq.
Eləcə də bax: “Deputat maaşım bir az da çox olsa, daha yaxşı olar” - MÜSAHİBƏ
- Norveçdə kanalizasiyanın istiliyi binaların qızdırılmasına istifadə olunur. Hollandiyada vətəndaşlarda gündüz əmələ gələn artıq enerji isə ümumi sistemə yönəlir. Hətta yararsız suyun təmizlənib texniki məqsədlər üçün yenidən binaya verilməsi kimi yeniliklərdən eşidirik. Amma Azərbaycanda heç bir tip yeniliyin tətbiqindən söz açılmır. Bizə nə mane olur? Neftin qazın bolluğu, ya ildə işıqlı günlərin çoxluğu? Sizə elə gəlmir ki, biz olan ehtiyatlarımıza bir qədər etinasız yanaşırıq?
- Bolluq olduğu zaman insan ehtiyatla davranmır. Neft-qaz ehtiyatlarının bolluğu digər sektorların inkişafını əngəlləyib. Özü də bu proses tək bizdə deyil, bütün dünyada baş verib. 20-ci əsr neft-qaz erası kimi tarixə düşüb. Hazırda isə bu ehtiyatlar tükənməkdədir deyə, qabaqcıl ölkələr alternativ mənbələrə üz tutublar.
Azərbaycan çox proqressiv ölkədir və istənilən yeniliyə tez uyğunlaşır. Bizə mane olan isə odur ki, ümumiyyətlə bu haqda düşünmək istəməmişik. İstəsəydik, ən azından bu işin texniki-iqtisadi tərəfini araşdırardıq, maliyyə-mənfəət analizini ortaya qoyardıq. Bu işin başlanması üçün vacib amildir. Yeniliklər bəlli bir maliyyə tələb edir, SSRİ-dən miras qalmış təsərrüfatın yenidən qurulmasına zaman lazımdır. Yeni alternativ enerji mənbələri aşkarlandıqca, daha qabaqcıl texnologiyaları tətbiq edəcəyik.
- Ölkəmizdə bu tip yeni texnologiyaların geniş yer alması təxminən nə zaman baş verəcək?
- Texnologiyalar hazırda hər 5 ildən bir dəyişir. Bu daha çox internet texnologiyalarında özünü göstərir. Tikinti və memarlıqda dəyişikliklər bir qədər daha ləng yayılır, amma bu, qaçılmazdır. Düşünürəm, yaxın 5 ildə bunları yavaş-yavaş görməyə başlayacağıq. Fərdi qaydada bəlkə daha tez görə bilərik, ancaq mən kütləvi olaraq nəzərdə tuturam.