Milli Məclisdə 75 saylı Lənkəran – Masallı seçki dairəsini təmsil edən deputat Cavanşir Paşazadə müsahibə verib. FED.az onunla söhbəti təqdim edir:
- Masallı, Lənkəran seçiciləri əsasən hansı problemləri ilə bağlı sizə müraciət edirlər?
- Əsas müraciətlər kənd təsərrüfatı ilə bağlıdır. Çünki insanlar neçə illərdir ki, ya Bakıya gəlib taksi sürücüsü, ya da tikintilərdə işləyirlər. Axır zamanlar isə tikintilər müəyyən səbəblərə görə dayandırılıb. Bunun nəticəsində də iş yerləri azalıb. İş yerlərinin azalmasından sonra insanlar məcbur olur ki, yaşadıqları kəndlərə qayıtsınlar. Bu zaman da onların yeganə imkanları kənd təsərrüfatı, pay torpaqları, məhsulların əkilməsi, becərilməsi və satışı ilə bağlı olur.
Əvvəllər qazın, suyun olmaması ilə əlaqədar suallar verilirdi. İndi isə sual qoyulur ki, məhsulun alıcısı kimi olacaq?! “Hansı məhsulu əkək ki, normal qiymətə sataq və ya Kənd Təsərrüfatı Nazirliyi bunu necə həll edəcək” sualı qoyulur. Bununla bağlı verilən kreditlər, həmin kreditlərin faiz məsələsi gündəmdə duran suallardır. Bunların hər biri kənd camaatı, seçici üçün önəmlidir.
Mən fermer təsərrüfatı, kiçik kooperativlər yaratmağın tərəfdarıyam. Cənub bölgəsində pay torpaqları çox da deyil. Məsələn, 10, 20, 50 sot, 1 hektardır. 1 hektara traktoru salmaq isə çətindir. Yəni ora girəndə başqa torpaqdan keçmək çətin olur. Çünki başqa torpaqda fərqli məhsul yetişdirilir.
Buna görə də 10-15 nəfər birləşsə və nəticədə fermer təsərrüfatı yaradılsa, bu təsərrüfata kreditlər verilsə, onlara şərait yaradılsa, bu zaman kənd təsərrüfatı sahəsi daha da inkişaf edəcək. Həmçinin, neftdən asılılığımız azalacaq. Bu da insanların həm yaşayış, həm sosial həyatına müsbət təsir göstərəcək.
Eləcə də bax: "Öz eyş-işrəti üçün kredit götürənlərə güzəşt olmamalıdır" - DEPUTATDAN TƏKLİFLƏR
- Cənub bölgəsində erkən nikahların çox olması fikirləri səsləndirilir. Bu iddialarla razısınız?
- Erkən nikahlar Azərbaycanın bütün regionlarında mövcuddur. Əvvəllər belə hallar daha çox idi. İndi isə təhsil səviyyəsinin yüksəlməsi, qızların, oğlanların oxumağa meylinin artması bu problemi aradan qaldırıb.
- Ümumiyyətlə, erkən nikaha baxışınız necədir?
- Qanunla müəyyən olunmuş nikah yaşı var. Valideynlərin razılığı ilə qanunla müəyyən edilmiş qaydada cütlüklər nikaha girir ki, bu, normaldır. Nikah nağlamaq qanunla olan şeydir, nikah qanuniliyi bildirir. Əgər dövlət nikahı yoxdursa, iki cütlüyün bir yerdə yaşaması uyğun deyil.
- Cavanşir müəllim, nə zamansa bankdan kredit götürmüsünüz?
- Xeyr, belə bir şey olmayıb.
- Hansı sahəni daha yaxşı bilirsiniz?
- Mən iqtisadçıyam, kənd təsərrüfatını yaxşı bilirəm. Həm də tikinti sahəsi üzrə təhsil almışam.
- Azərbaycanın taxıldan asılılığı hələ də davam edir, yerli məhsul daxili tələbatı ödəməyə yetərli deyil. Necə edək ki, taxıl idxalı azaldılsın?
- Bundan 15-20 il qabaq kənd təsərrüfatında buğdanın yetişdirilməsi neçə faiz idi, indi nə qədərdir! Rəqəmlər arasında yerlə göy qədər fərq var. Dövlət başçısı bununla bağlı çoxlu işlər görür. Bununla yanaşı, müəyyən işlər də görmək olar.
- Bəs görülməli olan işlər hansılardır?
- Məsələn, yerli camaat üçün yaxşı şərait yaradılsın ki, onlardan daha artıq məhsul alınsın, bu zaman daha effektiv nəticələr əldə olunar. Xaricdən taxılın tonu 200 dollara alınır.. Biz hesablama aparsaq, yanacağın, texnikanın dövlətdən alındığını nəzərə almalıyıq. Əldə edilən qazancdan vergini də dövlətə verirlər.
Yerli istehsalçılara şərait yaradılsa, həm də nə qədər iş yeri açılır. Bunların gəlirini hesablasaq, istehsal olunan 1 ton taxılın dəyəri 190 dollara bərabər olacaq. Bu, kənardan məhsul almaqdan daha sərfəlidir. Yerli fermerlərdən bu formada istifadə olunsa, böyük təsərrüfatlar yaratmaq mümkündür. Böyük təsərrüfata da böyük kreditlər vermək lazımdır. Bu kreditlərin faiz dərəcəsi isə aşağı olmalıdır.
Eləcə də bax: “Çast-pik” vaxtlara düşəndə mən də tıxacda qalıram” - MÜSAHİBƏ
- Digər problem, yerli icra orqanlarının yalançı statistika hazırlayıb mərkəzə göndərməsidir. Məsələn, əkilməyən torpaqların əkilən ərazi kimi qeydiyyata alınması, yalan statistikalar həmin rəqəmləri hazırlayan rayonların özünə hansı zərərləri vurur?
- Yalan statistika hansı rayondan verilirsə, elə həmin yerə ziyan dəyir. Fərz edək ki, bir regionda statistika üzrə 10 min hektar ərazidə kənd təsərrüfatı məhsulları əkilirsə, ondan gəlir nə qədər olursa, vergisi həmin rayona hesablanır. Dövlətdən ayrılan büdcədə də bunlar nəzərdə tutulur.
Yalan statistika hazırlananda isə həmin rayonun müəllimləri maaşları vaxtında ala bilmir, pensiyalar vaxtında verilmir. Və yaxud şəhər ya da rayonda yenidənqurma işləri üçün vəsait çatmır. Statistika düz olmayanda həmin regionun büdcəsi də yaxşı olmur. Siz düz deyirsiniz ki, yalançı statistika üzərində işləyənlər var. Kənd təsərrüfatı naziri yerlərdə görüşlər keçirdi, bu məsələlər orada səsləndirildi.
- Sıravi insanlar bəlkə də bunun fərqində deyil, iqtisadiyyata necə ziyan dəydiyini hesablaya bilmir, rüşvətlə məsələni həll edir. Ancaq dövlət məmurları artıq bunu bilir ki, yalan hesabatlar ziyan gətirəcək. Bəs nədir məmurları belə istiqamətə yönləndirən səbəblər?
- Yerində olmayan məmurlar var. Onlar yalnız bu günü düşünür. Bu, onların məsuliyyətsizliyindən irəli gəlir. Bəzi məmurlar özlərini elə göstərirlər ki, guya işləyirlər. Onlar həm cənab Prezident, həm də Allah qarşısında günahkardırlar.
- Cavanşir müəllim, haqqınızda elə də geniş məlumata rast gələ bilmədik. Ona görə də bu sualı veririk: 1990-cı illərdə nə işlə məşğul olmusunuz?
- 1990-cı illərdə çay fabrikinin direktoru olmuşam. SSRİ dövründə mən Xarkova, türmələrə məhsul verirdim. Bu məhsul ixracı sonradan yarıda kəsildi, verdiyim məhsulun pulu onlarda qaldı. Yalvar-yaxarla müəyyən qədər bərpa etdik. Xalq Cəbhəsində də bir şey var idi – çay sahələrini məhv edirdilər. O zaman mən xahiş etdim, baş nazir, nazir müavinləri ilə görüşdüm.
Eləcə də bax: “Onların da maliyyə vəziyyəti yaxşı deyil, özlərini güc-bəla ilə saxlayırlar” - MÜSAHİBƏ
- Hansı baş nazir?
- Heç birinin adını çəkmərəm. Baş nazirə dedim ki, çay plantasiyası elə bir sahədir ki, neçə illərlə məhsul verir. “Sovet hökuməti dəli olub, axmaq olub, hər nə olub, amma bu çay sahələrini salıb, indi də Azərbaycana qalıb” dedim. Bu həm zavod, həm də iş yeri idi. Dedim ki, çay plantasiyalarının məhv olmasına şərait yaratmasınlar. Baş nazir mənə dedi ki, çay təsərrüfatını başqa şeylə - sarımsaqla əvəz edəcəklər. Çay hara, sarımsaq hara?!
- Əvəz etdilər?
- İndi dövlət yenidən çayçılığın inkişafı üçün vəsait ayırır. Yenidən çay əkilir. Əgər sarımsaq olmasaydı, çayçılıq vaxtında yaxşı inkişaf edəcəkdi.
- İdmanla aranız necədir?
- Boş vaxtım olan kimi, çalışıram ki, ondan yaxşı yararlanım. Səhər də işimə görə tez dururam. Çalışıram ki, üzməklə, idmanla məşğul olum. Yürüşdən də istifadə edirəm.
- Deputat maaşınız sizi qane edirmi?
- İnsana nə qədər çox versən, ondan da çox istəyər. Deputat maaşımla yaxşı yaşayıram. Ancaq deputat maaşım bir az da çox olsa, daha yaxşı olar.