Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilmiş tapşırıqların icrası sürətlə davam etdirilir.
ELƏCƏ DƏ BAX : Dövlət mənzillərinin özəlləşməsinə icazə verildi – MƏCƏLLƏYƏ DƏYİŞİKLİK
Komitənin mətbuat xidmətindən bildirilib ki, Fərmana əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərində yerləşən çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismara hazırlığı barədə Fövqəladə Hallar Nazirliyinin təqdim etdiyi rəylər əsasında 7 gün ərzində həmin binaların istismarına icazə verməlidir.
Fərman imzalandığı tarixdən bu günədək Fövqəladə Hallar Nazirliyinin Bakı şəhərində 134 ünvanda yerləşən çoxmənzilli yaşayış binası kompleksləri üzrə təqdim olunmuş rəyləri əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həmin binaların hər birinin istismarına icazə verilib. Komitə tərəfindən verilmiş 134 icazə ümumilikdə 349 girişli çoxmənzilli binaları və cəmi 23 min 183 mənzili əhatə edir.
Binaların istismara hazırlığı barədə rəy daxil olduqdan sonra istismara icazənin Fərmanla 7 gün ərzində verilməsi tapşırılsa da, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müvafiq icazələrin daha qısa müddətə - 3-5 gün ərzində verilməsi təmin edilir.
Binaların istismarına icazə verildikdən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müvafiq göstəricilər Tikintilərin Dövlət Reyestrinə daxil edilir, habelə Əmlak Məsələləri Dövlət Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə, “Azərsu” ASC-yə, “Azərişıq” ASC-yə və Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə yazılı məlumat göndərilir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bu günədək verdiyi 134 istismara icazə 23 min 183 mənzilin sahiblərinin mülkiyyət hüquqlarının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq olunması üçün əsasdır.
Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli sözügedən Fərmanının icrası çərçivəsində istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) siyahısı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet səhifəsində yaradılmış xüsusi bölmədə yerləşdirilib və daim yenilənir.