Çıxarışı olmayan fərdi evlərin bahalaşdığı ilə bağlı məlumatlar var. Hətta paytaxt ərazisində yerləşən fərdi yaşayış evlərinin qiymətində üç-yeddi min manat civarında artım müşahidə olunduğu bildirilir.
Bu evləri alarkən diqqətli olun - XƏBƏRDARLIQ - VİDEO
Fərdi yaşayış evlərinin qiymətində müşahidə olunan artım bu ilin oktyabr ayının 1-də qüvvəyə minən qanuna edilmiş dəyişikliklə əlaqəlidir.
Qanuna görə, çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Bu səbəbdən də hazırda çıxarışı olmasa belə, kommunikasiya xətləri mövcud olan ev və torpaq sahələrinin qiyməti artıb.
Bəs görəsən, qiymət artımı nə zamana qədər davam edəcək?
FED.az xəbər verir ki, əmlak eksperti Ramil Osmanlı qiymət artımında göstərilən rəqəmlərin şübhəli olduğunu deyib:
“Elə fərdi yaşayış evi var ki, üç min manat qiymət dəyişməsi həmin əmlak üçün dəyər artımı sayılmır. Üç min manat qiymət dəyişməsi, əslində, bəzi hallarda təklif qiyməti ilə razılaşdırılmış qiymət arasında itir. Çünki adətən, bazara təklif olunan mənzilin dəyəri 100 min manatdan yuxarıdırsa, onun təklif qiyməti ilə razılaşdırılmış qiyməti arasındakı fərq beş faiz, bəzi hallarda bir qədər daha yuxarı ola bilər. Bu da təqribən beş min manat və bir qədər yuxarı göstərici ola bilər.
İndiki halda bu istiqamətdə qeyd olunan rəqəmlərin səsləndirilməsi, əslində, düzgün yanaşma sayılmır. Amma bütövlükdə oktyabr ayının birində artıq kommunal xidmətlərə qoşulmuş fərdi yaşayış evləri istisna olmaqla, fərman imzalandığı tarixdən bu yana hətta texniki şərt almış şəxslərin belə, kommunal xidmətlərdən istifadəsi, qoşulması mümkün olmayacaq”.
R.Osmanlı qeyd edib ki, qiymət artımı qısamüddətli dövrü əhatə edəcək:
“Bu məqamlar qiymətlərə öz təsirini göstərəcək. Qiymətləri artıracaqlar. Bazarda müəyyən qədər canlanma yaranıb. Bu da, təbii ki, qısamüddətli bir dövrü əhatə edəcək. Çünki artıq sonrakı mərhələdə bu proses tamamilə fərqli istiqamətdə cərəyan edəcək”.
“Bütövlükdə fərdi yaşayış evlərinə tələb artıb. Qiymətlər bu səbəbdən bahalaşıb. Xüsusən də, şəhər mərkəzinə qismən yaxın olan ərazilərdəki fərdi yaşayış evlərinə tələbat var.
Tələbin artması, təbii ki, qiymətlərə təsir göstərir. Bu hal başadüşüləndir. Amma indiki halda qısa müddət ərzində qiymətlərin hansı rəqəmlər çərçivəsində dəyişməsini söyləmək bir qədər çətindir. Çünki hələ ki müəyyən meyilləri biz təklif qiymətlərində müşahidə edirik. Yəqin ki, ilin sonuna doğru faiz göstəriciləri ilə ifadə etmək mümkün olacaq ki, fərdi yaşayış evlərinin qiymətindəki artımlar hansı faiz dəhlizi arasında dəyişib”, - deyə R.Osmanlı qeyd edib. (Oxu.az)