Gürcüstanın 2-ci ən böyük şəhəri, turizm və maliyyə mərkəzinə çevrilmiş Batumidə dəniz mənzərəli mənzillərin qiyməti 500 avrodan və ya 1 000 manatdan başlayır.
“Qırmızı körpü”dən Batumiyə - 4 SAATA GEDƏCƏYİK - YENİ LAYİHƏ
FED.az Gürcüstanda əmlak alqı-satqı saytlarının məlumatlarına istinadən xəbər verir ki, bu qiymətə şəhərin mərkəzindən və ya dəniz kənarından təmirli və təmirsiz, eləcə də təmir işlərini böyük hissəsinin başa çatdığı mənzillər almaq mümkündür.
Müqayisə üçün bildirək ki, Bakıda kvadratmetri 1000 manat olan mənzilləri yalnız Xırdalan, Sumqayıt və ya Hövsan ərazisində almaq mümkündür.
Beləliklə...
«Green Cape» yaşayış kompleksi – 1 kvadratmetr 940 manat
Batumidəki «Green Cape» yaşayış kompleksində yerləşən 64 kvadratmetrlik 2 otaqlı mənzil cəmi 29 845 avroya, yəni kvadratı 463 avroya satılır. Kompleks məşhur Botanika Bağının yaxınlığında, dənizdən 250 metrdə, Batuminin mərkəzindən 6 kilometr məsafədədir. Mənzildə əsas təmir işləri görülüb, borular çəkilib, isti döşəmə quraşdırılıb, döşəməyə metlax vurulub, enerji və internet kabelləri çəkilib və sair. Bu mənzili ipoteka ilə də almaq mümkündür.
«Black Sea Towers» premium kompleksi – 1 kvadratmetr 1050 manat
«Black Sea Towers» isə Batumidə premium səviyyəli yaşayış kompleksidir. Burada 64 kvdaratmetrlik 3 otaqlı mənzilin qiyməti 33 570 avro, yəni kvadratın qiyməti 522 avro və ya 1050 manat təşkil edir. Yaşayış kompleksi Batumidə Qəhrəmanlar Xiyabanının və UEFA-nın stadionun yaxınlığında yerləşir. Buradan dənizə, şəhərə, ətrafa, rəqs edən fəvvarələrə möhtəşəm mənzərə açılır. Binanın yerləşdiyi ərazi turistlər və investorlar arasında çox populyardır. Üstəlik bildirilir ki, buradan açılan mənzərənin qarşısı heç vaxt digər binalar tərəfindən tutulmayacaq.
«Black Sea Towers» kompeksi premium sinifə uyğun olan bütün özəlliklərə malikdir. Burada tikinti işləri dünya və Avropa Birliyi standartlarına uyğun aparılır. Mənzil 3 illik müddətə kreditlə də satıla bilər. Digər məsələlərlə yanaşı diqqəti çəkən məqam, 64 kvadratmetrlik mənzilin 3 otaqlı olmasıdır.
«Blue Sky Tower» yaşayış kompleksi – 1 kvakdratmetri 1 180 manat
Batuminin mərkəzidə yerləşən «Blue Sky Tower» Qara dənizin sahilində yerləşən 36 mərtəbəli digər premium otel və yaşayış kompleksidir. Burada ilk mərtəbələrdə məşhur «Holiday İnn» oteli yerləşəcək. Kompleksdə 53 kvadratmetrlik 2 otaqlı mənzilin qiyməti 31 025 avro, yəni bir kvadratmetrin qiyməti 590 və ya 1180 manat təşkil edir.
Kompleks UEFA-nın yeni tikilən stadionunun yaxınlığında, Batuminin ən prestijli ərazisində yerləşir. Burada premium sinifə məxsus xüsusiyətlər – resepşn, konseryej, sutkaboyu mühafizə, kazino, fitnes mərkəzlər, restoranlar, açıq və bağlı hovuzlar var.
«Del Mar» yaşayış kompleksi – 1 kvadratmetri 1 010 manat
Batuminin mərkəzindən bir qədər kənarda – 15 kilometr məsafədə yerləşən «Del Mar» yaşayış kompleksi Botanika Bağının yaxınlığında yerləşməklə dənizə əla mənzərəsi var. Burada sahəsi 59 kvadratmetr olan 3 otaqlı mənzilin qiyməti 30 min avro, yəni 1 kvadratmetri 505 avro və ya 1010 manatdır.
«Green residence» yaşayış kompleksi – 1 kvadratmetri 1060 manat
«Green residence» yaşayış kompleksi Batuminin turizm mərkəzində yerləşir, Buradan dənizə əla mənzərə açılır. Kompleksdə açıq və bağlı hovuzlar, SPA mərkəzi və sair var. Burada 56 kvadratmetrlik 2 otaqlı mənzil 29 700 avroya, yəni kvdaratmetri 530 avro və ya 1060 manata satılır.
«Calligraphy Towers» premium kompleksi – 1 kvadratmetri 1050 manat
«Calligraphy Towers» premium kompleksi Batuminin mərkəzində yerləşən 5 ulduz tikilidir. Burada ilk mərtəbələrdə «Hampton by Hilton» oteli yerləşir. Dünya və Avropa standartları ilə inşa edilən konmpleksdə çoxsaylı əyləncə və idman istirahət obyektləri yerləşir. Burada sahəsi 57 kvadratmetr olan 2 otaqlı mənzil 29 600 avroya satışa çıxarılıb. Mənzilin 1 kvadratmetrinin qiyməti 522 avro və ya 1050 manat təşkil edir.
«Sea Side» yaşayış kompleksi – 1 kvadratmetri 1010 manat
27 mərtəbəli «Sea Side» Batuminin yeni mərkəzində yerləşən komfort sinif yaşayış kompleksidir. Kompleks Yeni Bulvarın və çimərliyin 400 metrliyində yerləşir, yaxınlıqda kazino, Metro City ticarət kompleksi və başqa əyləncə obyektləri var. Burada 56 kvadratmetrlik 3 otaqlı mənzil 28 210 avroya, yəni kvadratmetri 505 avro və ya 1 010 manata satılır.
«Steps» elit kompleksi – 1 kvadratmetri 1 264 manat
«Steps» elit yaşayış kompleksi Batuminin ən komfortlu premium sinifə məxsus olan yaşayış komplekslərindən biridir. Yeni Bulvar ərazisində yerləşən, çimərlikdən cəmi 150 metrlikdə olan kompleksin ilk mərtəbələri biznes mərkəzə, sonrakı bir neçə mərtəbə otelə, 5-27 mərtəbələr isə mənzillərə ayrılıb. Burada 44 kvadratmetrlik 2 otaqlı mənzil 27 800 avroya, yəni kvadratmetri 632 avroya və ya 1264 manata satılır.