Təsəvvür edin ki, kafedəsiniz, amma burada yeyib içdiyinizə görə, heç bir ödəniş etmirsiniz. Və yaxud, dostunuzun evindəsiniz, söhbət edib oyunlar oynayır, yaxşı vaxt keçirirsiniz. Amma çıxarkən burada olduğunuz vaxtın pulunu ödəyirsiniz. İnanmaq çətin olsa da, reallıqdır. FED.az xəbər verir ki, bütün bunlar dünyanın daşınmaz əmlak sahəsində sürətlə yayılmaqda olan yeni biznes - Antikafelərdə baş verir.
Eləcədə bax: Güzəştli evlərin satışı başlayır - ŞƏRTLƏR, QİYMƏTLƏR
Vaxt - hər şeydən qiymətlidir
«Antikafe» və ya «Taym kafe» tipli obyektlərin digər kafelərdən fərqi ondadır ki, burada yemək vəiçkilərə görə – adətən bu çay, kofe və şirniyyat olur - ödəniş tələb olunmur. Müştərilər yalnız burada keçirdikləri vaxta görə ödəniş edirlər.Adətən bu ödəniş saat, bəzən isə dəqiqə hesabı olur. Belə obyektlər müştəriləri universallığı ilə cəlb edir. Burada stolüstü və ya video oyunlar oynamaq, dostlarla birlikdə filmə baxmaq, kitab oxumaq, ya da sadəcə maraqlı vaxt keçirmək olar.
Eləcədə bax: Bakıda evlərin kirayə haqqı artıb – YENİ QİYMƏTLƏR
1 dəqiqə - 1 rubl
İlk belə obyekt 2010-cu ildə Moskvada «Ağacda ev» adı ilə yaradılıb. Kreativ ideyanın müəllifi İvan Mitin və dostları idi. Əvvəlcə obyekt «nə qədər istəyirsən, ödə» prinsipi ilə işləyirdi. Amma bu üsul özünü doğrultmadı – adamlar bu xoş jesti anlamır və ümumiyyətlə heç nə ödəmək fikrində deyildilər, ya da qəpik-quruşla kifayətlənirdilər. Sonradan prinsip dəyişdi və dəqiqəbaşı ödəniş tətbiq edildi – burada keçirilən hər dəqiqə müştərilərə 1 rubla başa gəlirdi.
Eləcədə bax: Əmlak almaq üçün Türkiyəyə axışırlar – TƏYYARƏLƏR DOLUB
“Mafiozi”lərin toplandığı yer
Antikafedə bütün oyun və məşğuliyyətlər pulsuzdur. Satın aldığın vaxt ərzində nə istəsən – PlayStation, stolüstü futbol, hətta stolüstü tennis oynaya bilərsən. Antikafe müasir intellektual oyunların da oynanıldığı yerdir. Burada əsas olaraq «Mafiya», «Nə?Harada?Nə vaxt?» oyunları keçirilir. Ya da sadəcə dostlarla xoş atmosferdə söhbət edib, vaxt keçirmək mümkündür. Ona görə də, burada oyun aparatları - Xbox, PlayStation, kitab-jurnallar və əlbəttə ki, pulsuz Wi-Fi olmalıdır. Amma antikafedə təkcə oyun oynamaq deyil, seminar, kiçik treninqlər keçirmək, müxtəlif sahələrdəki peşəkarlarla söhbət, kiçik yarışlar da təşkil edilə bilər.
Bu prinsipdən razı qalan müştərilərin sosial şəbəkələrdəki fikirləri və rəyləri antikafeni sürətlə məşhurlaşdırdı. Antikafenin ən məşhur əşyası isə müştərilərin hər birinə girişdə verilən zəngli saat idi.
Antikafelər çox xərc aparan restoranlar və hay-küylü yerlərə qarşı əla alternativ idi, buna görə də ideya sürətlə yayılmağa başladı, artıq 2014-cü ildə dünyada yüzlərlə antikafe və ya bu prinsiplə işləyən obyekt vardı. Antikafelər Rusiyadan başqa, MDB ölkələri, Çexiya, Slovakiya, Fransa, Almaniya, Finlandiya, Böyük Britaniya, və ABŞ-da da var. İdeyanın müəllifi olan İvan Mitin isə təkcə Rusiya və Ukraynada deyil, xarici ölkələrdə də antikafe şəbəkəsinin sahibidir.
Eləcədə bax: Kirayə evə görə vergi ödəməyənləri - CƏRİMƏ GÖZLƏYİR
Bakıda ilk «pulsuz çayxana»
Bakıda isə ilk antikafe 2017-ci ildə işə düşüb. Hazırda paytaxtda bu prinsiplə işləyən 2-3 obyekt var. Paytaxtın ilk belə obyekti olan «Consept Anticafe»nin baş meneceri Bəyəli Əliyev «Daşınmaz Əmlak»a bildirib ki, antikafe yaratmaq ideyası ona yenilik axtarışında rast gəlib: «Restoran biznesi üzrə təcrübəm var. Bundan əvvəl digər kiçik bizneslə məşğul olmuşam. Biznes qurmaq üçün Azərbaycan bazarında yeniliklər axtarırdım. Bir az araşdırmalar elədim və antikafe sahəsində boşluq tapdım. Onu bura gətirərək antikafeni qurdum».
Bakıdakı antikafe də ənənəvi qayda ilə işləyir: «Bizdə ödəniş vaxta görə hesablanır. Antikafe sözünun mənası da budur – pulu yeməyə görə deyil, vaxta görə verirsiz. Adam gəlir, özü ilə yeməyini də gətirə bilər. Və ya bizə ödədiyi pulun içərisində çay, kofe, şirniyyat, mürəbbə də olur. Onlardan istifadə edə bilər».
Antikafedə 25-30 növ stolüstü oyunlar var ki, müştərilər onları ödənişsiz rahat oynaya bilərlər: «Adi günlərdə stolüstü oyunlar olur, gəlib kino izləyə, playstation oynaya bilərsiz. Müştərilər gəlib aktiv oyunların yarışmalarını, treninqlərini keçirlər. Biz ayda bir dəfə «Monopoliya» oyunu, xanımlar arasında mərc yarışması təşkil edirik. Həftədə 2 dəfə mafiya oyunu da keçirilir».
Antikafedə playstation, karaoke otaqları var. Burada eyni zamanda ad günləri, təlimlər,treninqlər, seminarlar da keçirmək olar. Bunun üçün obyektdə proyektor da qurulub. Bir qədər əvvəl isə antikafedə səhər yeməkləri xidməti də başlayıb.
Eləcədə bax: Bakıda mini mənzillər dövrü başlayıb – QİYMƏTLƏR
Saatı 5 manatdan başlayır
Bütün dünyada olduğu kimi, Bakıdakı antikafelərdə də ödənişlər saat hesabı hesablanır. Adambaşı olaraq hər saata görə ödəniş 5 manatdır. Vaxt uzandıqca ödəniş azalır.2-ci saata görə ödəniş 4 manat, 3-cü saat 3 manat, 4-cü saat 2 manat, 5-ci saat 1 manat: «Yəni, 1 nəfər 1 saat oturub 5 manat ödəyir, bu müddətdə limitsiz çay, kofe, şirniyyatla qidalanır və stolüstü oyunlardan istifadə edə bilir. 1 nəfər 10 saat oturduqda isə cəmi 20 manat ödəyir ki, bu da saata 2 manat deməkdir».
Bəyəli Əliyev antikafeni Fəvvarələr meydanının yaxınlığında, sahəsi 120 kvadratmetr olan 4 otaqlı mənzildə yaradıb. İlk baxışdan kiçik görünməsinə baxmayaraq burada eyni vaxtda 70-80 nəfər toplana bilir: «Çto? Qde? Koqda?» oyunu keçiriləndə 2 otağda 63 nəfər toplanmışdı. 2 saat ərzində. Rahatlıqla yerləşdilər. Bizdə elə otaq var ki, orada 15 nəfər də otura bilər. Ancaq bir az geniş olsun deyə 10 nəfər üçün nəzərdə tutmuşuq».
Amma fərqli qiymətlər də var. Şəhərin mərkəzində, yenə də Fəvvarələr meydanının yaxıqlığında yerləşən «Second Home Centre» antikafesində 1 saatlıq qiymətlər 4 manatdan başlayır və sonrakı hər saat üçün 2 manat əlavə edilir. Burada da çay-kofe və şirniyyat pulsuzdur, stolüstü oyunlar və playstation var.
Əsas müştərilər gənclərdir
Antikafenin işində ən həssas məqamlardan biri vaxt ərzində içki və şirniyyatın pulsuz olmasıdır. Müştərilər bundan sui-istifadə edə bilərmi? B.Əliyev bildirir ki, antikafenin kontingenti müasir insanlar olduğuna görə, belə təhlükə yoxdur:«Biz reklamı Facebook və İnstaqram-da edirik. Elə kontingent seçirik ki, bura normal insanlar gəlir. Siz dediyiniz kimi bir az «görməmiş» tipli insanlar bura gələndə onlara yüksək qiymətlər deyirik ki, burda əyləşməsinlər».
Antikafelərin əsas müştəriləri gənclər, gənc ailələrdir.Görünür məhz bu səbəbdən onların əsas reklam meydançası sosial şəbəkələrdir. İkinci maraqlı tərəf – bura özünlə yemək gətirmyə qadağa qoyulmayıb. Ona görə də, özünlə gətirdiyin yeməklərlə qidalanaraq bütün günü burada keçirmək olar. Amma alkoqollu içki və siqaret qadağandır. Bəziləri burada əlavə ödəniş hesabına pizza, və ya dondurma da sata bilərər. Antikafelərdə ənənəvi olaraq yumşaq mebellər, televizor, oyun kompüterləri üstünlük təşkil edir.
«Pulsuz çay»la sərfəli biznes qurmaq
Antikafeni məşhurlaşdıran və ona maraq yaradan əsas səbəblərdən biri də odur ki, bura böyük pul qoymaq lazım deyil – sadəcə adamlara rahatlıq yaratmalısan: «Əsas odur ki, insanın içəridə özünü rahat hiss etsin. Ora gələn adam çıxıb getmək istəməsin».
İşlər düzgün qurulsa, antikafe başqa obyektlərdən fərqli olaraq öz pulunu tez çıxarır. Statistika göstərir ki, antikafe biznesi artıq 6 aydan sonra pul gətirməyə başlayır. Amma obyektin gəlir gətirməsinin əsas şərti onun populyar olmasıdır. Bunun üçün antikafenin interyeri maraqlı olmalı, burada rahat atmosfer hökm sürməli, eləcə də təqdim olunan xidmətlərin çeşidi böyük olmalıdır.
Doğrudan da «Consept Anticafe»nin işə düşməsindən1 ildən də az vaxt keçməsinə (2017-nin mayında yaradılıb) baxmayaraq artıq gəlir gətirməyə başlayıb: «İlk 3 ay itkilərlə davam elədik. Getdikcə itikilər azaldı.Sentyabr ayındna sonra isə artıq gəlirlə işləməyə başlayırıq, ilin sonunadək isə daha 4 obyekt açmağa hazırlaşırıq». Amma antikafe işlətmək asan da deyil, bir qədər əvvəl paytaxtda işə düşən belə obyektlərdən bəziləri tezliklə bağlanmalı olub.
Antikafeni necə yaratmaq olar?
İlkin təcrübəyə görə, antikafe açmaq üçün minimum 100 kvadratmetr sahəsi olan obyektdən başlamaq lazımdır. Bəziləri daha kiçik sahəni məsləhət görsə də, müştərilərin özünü rahat hiss etməsi və nisbətən səssizlik olması üçün onların bir neçə otağa yerləşdirilməsi vacibdir.
Bundan başqa, B.Əliyev bildirir ki, belə obyekti açmaq üçün trafiki çox olan ərazi seçilməlidir. Antikafeni maksimum 3-cü mərtəbədə yaratmaq olar: «Mərtəbə bundan yuxarı olanda insanlar qalxmaqda yorulacaqlar. Həm də mənfi fikirlər yarana bilər. Fikirləşəcəklər ki, 5-ci mərtəbədə nə kafe? Görəsən orda nə var?».
Burada minimum əşyalar – soyuducu, mikrodalğalı soba, kofe aparatı, divan, stol-stul, az miqdara qab-qacaq, eləcə də, kitab şkafı və kitablar tələb olunur. İşçilərin sayı da artıq olmamalıdır, 2-3 nəfər tam kifayət edir.
Böyük obyektlərdə inzibatçı, xadimə, ofisiant və köməkçi olmalıdır. Kiçik antikafelərdə isə inzibatçı və xadimənin olması kifayət edəcək.
Qonaqlar bir-birinə mane olmur ki?
Əslində 4 otaqlı mənzil 4-5 nəfərlik ailənin yaşaması üçün nəzərdə tutulur. Amma antikafe variantında burada, deyildiyi kimi, eyni vaxtda 20-30, bəzən isə 50-60 insan olur. Bəs belə sıxlıq, müştərilərə mane olmur? Antikafe sahibibildirir ki, otaqların fərqli yerdə olması bunun qarşısını alır.
Antikafedə müxtəlif həvəsləndirici aksiyalar da ola bilər. Məsələn, daimi müştərilərə adlı kartlar verilə bilər, onlar üçün ayrıca endirimlər ola bilər. Amma bu zaman həmin müştərilərin antikafedə keçirdiyvaxt və gətirdiyi xeyir nəzərə alınır.
Antikafelərin reklamı üçün ən yaxşı variant sosial şəbəkələrdir. Əvvəla, bu ən ucuz variantdır, ikincisi antikafenin auitoriyası da əsasən sosial şəbəkə istifadəçiləridir. Üstəlik, məmnun müştərilər sosial şəbəkədəki rəyləri isə obyektə əlavı axın yarada bilərlər.
Sosial şəbəkəli daşınmaz əmlak
Antikafe biznesini inkişaf etdirmək üçün əsas üsullardan biri buraya məşhur adamları cəlb etməkdir. Sosial şəbəkələrdə və cəmiyyətdə tanınan şəxslərin gəlməsi onların pərəstişkarlarını da maraqlandırır: «Səhifəmizdən görürsüz, bura aktyorlar, vaynerlər, aparıcılar, bir sözlə məşhur adamlar gəlir. Mən onları itirmək istəmirəm deyə, səviyyəni, kontingenti qoruyub saxlayıram».
Həm də insanların başqa heç bir yerdə görə bilməyəcəyi əyləncələr, onları antikafeyə cəlb etməlidir. «Məsələn, bizdə «Risk» oyunu var. «Risk» starteqiya oyunudur və onu intellektual səviyyəsi çox yüksək olan adamlar, marketinq menecerlər, holdinq rəhbərləri, xaricdə təhsil alan insanlar gəlib oynayırlar. Oyun ingiliscədir, amma dil bilməyə ehtiyac da yoxdu. Burada xəritə, üstündə əsgərlər və atlar var, əsas məsələ doğru düşünməkdir».
Bakıda yeni biznes - SOSİAL ŞƏBƏKƏLİ ƏMLAK
09:42
28 Avq 2018