Xarici investorlar türk lirəsinni məzənnəsinin azalmasından istifadə etməyə tələsirlər. FED.az xəbər verir ki, Türkiyənin rieltorları xarici əmlak alıcılarının ölkəyə axışdığını bildirirlər. Bu xüsusilə avro və dollarla gələn alıcılara aiddir.
Xaricilər türk lirəsinin avro və dollar qarşısında ucuzlaşmasından istifadə edərək daha ucuz qiymətə əmlak almağa başlayırlar.
Yerli əmlak satıcıları bildirir ki, lirənin kəskin ucuzlaşması burada ev və mənzil almaq istəyən xaricilərin sayının artmasına səbəb olub. Belə ki, əgər 2017-ci ilin avqustunda bir ingilis funtu 4,5 lirə idisə, indi 7,8 lirəyə qalxıb. Bu da o deməkdir ki, son bir ildə Türkiyədə əmlakların funtla qiyməti az qala iki dəfə aşağı düşüb.
Türkiyənin əmlak mərkəzləri bildirir ki, xaricilərin Türkiyədə əmlaka marağı elə artıb ki, avqustun 13-19-u həftəsi Yaxın Şərqdən İstanbula uçan bütün təyyarələrdə biletlər bir anda satılıb. Çünki körfəz ölkələrinin sakinləri yaranmış vəziyyətdən istifadə etməyə çalışıblar. Hətta Almaniyada yaşayan türklər də öz əmlak sərvətlərini artırmaq üçün buraya üz tutublar.
Xüsusilə Bodrum və Marmaris kurortlarında əmlak satan agentlər bildirirlər ki, yerli mənzillərə tələbat inanılmaz dərəcədə artıb.
«Alıcılar əmlak bazarına elə daxil olublar ki, elə bil mənzillər satılıb qurtaracaq. Adətən bizə hər gün əmlak almaq üçün 50 sorğu daxil olur, bu günlərdə isə həmin göstərici iki dəfə artıb».