Növbəti həftə Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında mənzillərin satışına başlanacaq. FED.az istinadən xəbər verir ki, mənzillərin satışı 5 sentyabr 2018-ci il, saat 11:00-da başlayacaq və 5 dekabr 2018-ci il saat 11:00-dək davam edəcək.
Satışa 324 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş bazar qiymətindən aşağı müəyyən olunub.
Beləliklə, bir otaqlı mənzillərin qiyməti 29 min 925 manatdan, iki otaqlı mənzillərin qiyməti 47 min 282 manatdan, üç otaqlı mənzillərin qiyməti 65 min 626 manatdan başlayır.Qeyd edək ki, mənzillərin satış qiymətinə əlavə dəyər vergisi daxildir. Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda ödəniş proseduru da açıqlanıb.
Mənzil 10 faiz ilkin ödəniş edərək 4 faiz dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka ilə alındıqda bir otaqlı mənzillər üçün aylıq ödəniş 129-136 manat, iki otaqlı mənzillər üçün aylıq ödəniş 203-236 manat, üç otaqlı mənzillər üçün aylıq ödəniş 282-288 manat olacaq.
FED.az-ın məlumatına görə, sosial evlərin bir kvadratmetrinin satış qiyməti 950 manatdır. Burayə mənzillərin təmiri və mətbəx-vanna otağı avadanlıqları ilə təminatı da aiddir.
Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10 faiz endirim əldə edəcək.
Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı bir otaqlı mənzillər üçün 26 min 932 manatdan, iki otaqlı mənzillər üçün 42 min 554 manatdan, üç otaqlı mənzillər üçün 59 min 63 manatdan başlayır.
Xatırladaq ki, MİDA sosial evləri (260 mənzil) ilk dəfə mayın 7-də satışa çıxarmış, amma texniki səbəblərdən bu baş tutmamış və satışın nəticələri ləğv edilmişdi. İndi isə mənzillərin sayı artıb, üstəli sistemin təkmilləşdirilməsi ilə bağlı işlər aparılıb. Bir qədər əvvəl MİDA elan edib ki, sistem çoxsaylı istifadəçilərin müraciətlərini qəbul etməyə hazırdır və sentyabrın 5-də başlayan satış zamanı heç bir problem olmayacaq.