Bakı şəhərinin yeni açıqlanan Baş planında paytaxtın inkişaf əraziləri və istiqamətləri də müəyyənləşib.
Bakının Baş Planı - TƏSDİQLƏNDİ
FED.az xəbər verir ki, yeni binalar həm köhnə binaların yerində, həm də yeni ərazilərdə inşa ediləcək.
Ümumiyyətlə, hökumətin hesablamasına görə, əhali artımını və paytaxta əhalinin axınını nəzərə alanda qarşıdakı 17 ildə şəhərdə 142 min yeni mənzilə ehtiyac olacaq.
Bunun 50 mini 2027-ci ilədək, 92 min isə 2040-cı ilədək tələb olunacaq. Bu mənzillərin tikintisi üçün təqribi yerlər müəyyən edilib. Baş plan müəlliflərinin fikrincə, Böyükşor gölü və ya Ələt kimi ərazilər yeni inkişaf sahəsi olacaq.
Şəhər kənarları ilə bağla plan belədir ki, - istifadə edilməmiş tikinti sahələrinin çoxluğunu və sıxlığın olduqca aşağı olduğu sahələri nəzərə alaraq, əhalinin təbii artımı nəticəsində yaranacaq tələbatın mövcud yaşayış məntəqələrinin “hüdudları” daxilində ödənilməsi üçün kifayət qədər yer mövcuddur.
Digər tikinti ərazisi Bakının mərkəzindəki köhnə tikililər olacaq. Şəhərin mərkəzi ərazilərində müasir standartlara cavab verməyən və kommunal infrastruktur ilə təminat baxımından çatışmazlıqların olduğu köhnəlmiş mənzil fondunun yerləşdiyi ərazilər mövcuddur. Bu gün qeyd olunan ərazilər yeni inşa olunmuş binalar və inkişaf etmiş ərazilərlə əhatə olunmuşdur. Küçə və keçidlərin dar olması səbəbindən həmin ərazilərin əksəriyyətinin lazımi səviyyədə giriş-çıxış imkanları da yoxdur.
Bununla yanaşı, kiçik məhəllələr daxilində yerləşən fərdi evlər arasındakı boş torpaq sahələri və əsasən Bakının mərkəzində yerləşən yenidən qurulacaq ərazilər (köhnəlmiş yaşayış binalarının yerləşdiyi ərazilər) mövcuddur. Amma boş torpaq sahələri əsasən özəl mülkiyyətçilərə və ya şirkətlərə məxsusdur. Buna görə, gələcəkdə mənzil tələbatını ödəmək üçün bu ərazilərdən istifadə mümkün olmaya bilər. Bunu nəzərə alaraq, Baş Plana əsasən tələbatın bir hissəsinin kənd tipli yaşayış ərazilərindəki boş sahələr hesabına ödənilməsi nəzərdə tutulur.
Ümumilikdə paytaxtda mənzilə olan tələbatın qarşılanması üçün Baş Planda təqribən 9 000 ha sahə nəzərdə tutulmuşdur ki, burada lazım olandan da artıq – yəni təqribən 200 min mənzilin tikilməsi mümkündür.
Digər tələb olur ki, 2040-cı ilə qədər adam başına düşən ümumi mənzil sahəsi indiki 20,8 m2 -dən 25 m2 -ə qədər artırılsın.