Bakı şəhərinin Baş Planı təsdiqlənib.
Nazir: "Bakı bulvarının ərazisi 2040-cı ilə qədər uzadılacaq"
FED.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiq edilib.
Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, Bakı şəhərinin təsdiq edilmiş Baş planı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə beynəlxalq tenderin qalib - "AS+P Albert Speer + Partner Gmbh” şirkəti (Almaniya) tərəfindən hazırlanıb.
"AS+P Albert Speer +Partner Gmbh” şirkəti tərəfindən Baş plan layihəsinin hazırlanmasına yerli layihə təşkilatı qismində Bakı Dövlət Layihə İnstitutu, həmçinin mühəndis-kommunikasiya sistemləri, nəqliyyat və iqtisadi aspektlərin işlənməsi məqsədilə “Ramboll UK” (Böyük Britaniya) və “EY Advisory” (Fransa) şirkətləri cəlb edilib.
Baş plan layihəsi 2040-ci ilə qədər olan dövrü əhatə edir.
Baş plan paytaxtın bütün inzibati ərazisini əhatə etməklə hesabat dövrü ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. Baş plan o cümlədən güclü və davamlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan dayanıqlı şəhər mühiti, mədəni və tarixi-memarlıq irsin qorunması, ərazi zonalaşdırılması, şəhər infrastrukturunun genişləndirilməsi, ekoloji sağlamlaşdırma və ərazilərin abadlaşdırılması tədbirləri, habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.