Azərbaycanın məşhur yüngül sənaye müəssisələrindən biri – «Bakı Ayaqqabı Fabriki» özəlləşməyə çıxarılır.
FED.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidməti «Bakı Ayaqqabı Fabriki» ASC-nin səhmlərinin 85 faizinin və əmək kollektivi üzvlərinə səhmlərin güzəştlə satışından qalan hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan edib.
Elana əsasən Binəqədi rayonu, Binəqədi şosesi, 471 ünvanında yerləşən «Bakı Ayaqqabı Fabriki» ASC-nin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsində ümumi nominal dəyəri 6 milyon 674 min manat olan 3 milyon 337 min səhmi satışa çıxarılıb.
Qeyd edək ki, ümumilikdə «Bakı Ayaqqabı Fabriki» ASC-nin nizamnamə kapitalı 7 milyon 852 min manat, səhmlərinin ümumi sayı isə 3 milyon 926 mindir.
Xatırladaq ki, 1971-ci ildə fəaliyyətə başlayan fabrikin vəziyyəti qənaətbəxşdir, fabrik hazırda fəaliyyət göstərir, xüsusilə də dövlət qurumları – Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və daxili işlər nazirliyi üçün kütləvi şəkildə çəkmələr istehsal edir.
Müəssisədə 142 nəfər çalışır, borcu isə cəmi 83 min manatdır.
Şərtlərə görə, investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 5 milyon manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidir.
Bundan başqa, müsabiqənin qalibi səhmdar cəmiyyətinin səhmlərinin alınmasına görə dövlət büdcəsinə 3,2 milyon manatdan az olmayan vəsaitin köçürməli olacaq.
Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, imzalandığı tarixdən 30 gün müddətində təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməli, həmçinin müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.
Müsabiqədə ölkə vətəndaşları ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər. İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar: https://clck.ru/32PbXM
Şərtlərə görə, iddiaçılardan ərizə və təkliflər 17 noyabr 2022-ci il tarixinədək iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50) qəbul ediləcək.
Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasında 18 noyabr 2022-ci il, saat 11:00-dan başlayaraq həyata keçiriləcəkdir.