Azərbaycanda kirayə üsulu ilə satılan mənzillərin siyısı daha da genişləndirilib.
FED.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun (Fond) açıqlamasında bildirilir.
Eləcə də bax: Əhaliyə kirayə ilə satmaq üçün – 194 yeni mənzil alındı - QİYMƏTLƏR
"Ötən müddətdə Fondun razılıq barədə qərarını əldə edən 397 vətəndaş artıq mənzil seçimini edib və onlardan 381-i ilə satmaq öhdəliyi ilə kirayə müqaviləsinin rəsmiləşdirilməsi başa çatıb.
Hazırda Fondun balansında Bakı, Sumqayıt və Xırdalan şəhərləri üzrə 8 fərqli ünvanda vətəndaşların mənzil ehtiyaclarına uyğun 1, 2, 3 və 4 otaqlı kirayə mənzillər mövcuddur. Vətəndaşların tələbi nəzərə alınaraq Fond Sumqayıtda satmaq öhdəliyi ilə kirayə təklif edilən yaşayış sahələrinin siyahısını bir qədər də genişləndirib.
Belə ki, şəhərin Sülh küçəsində yerləşən “Bağça Şəhər” yaşayış kompleksi üzrə siyahıya əlavə 80 mənzil daxil edilib. Vətəndaşlar həmin yaşayış kompleksi üzrə təklif olunan mənzillərlə bu keçid vasitəsilə tanış ola bilərlər.
Fondun satmaq öhdəliyi ilə kirayə təklif etdiyi mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik olan, əsas infrastruktur obyektlərinə yaxın komplekslərdən ibarətdir. Komplekslərdə yerləşən bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir olunaraq kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb.
Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.
Eyni zamanda, vətəndaşlar Fond tərəfindən satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər", - deyə açıqlamada qeyd olunub.