Azərbaycan və İran arasında əməkdaşlıq üzrə birgə razılaşmalar icra olunur.
Eləcə də bax: Astaraçayın üzərində körpü tikiləcək - Memorandum İmzalanıb
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.
S.A.Musəvinin sözlərinə görə, bu razılaşmalardan biri "Qız Qalası", "Xudafərin" hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlıdır:
""Qız Qalası" və "Xudafərin" hidroqovşaqlarında inşa işləri demək olar ki, yekunlaşıb. Hazırda bu hidroqovşaqlar avadanlıqlar və turbinlərin quraşdırılması mərhələsindədir. Düşünürəm ki, 1 ildən az müddətdə hidroqovşaqlar istifadəyə veriləcək”,-deyə o bildirib.
Azərbaycan və İranın "Şimal-Cənub" nəqliyyat dəhlizinin mərkəzində yerləşdiyini deyən səfir bildirib ki, bu platformadan iki ölkənin iqtisadi inkişafı üçün istifadə olunacaq: "Bu istiqamətdə görülən işlər çərçivəsində Astarada (İran) dəmiryol terminalının bir hissəsi istifadəyə verilib, bir hissəsində inşa işləri davam etdirilir", - İran səfiri əlavə edib.
S.A.Musəvi deyib ki, iki ölkə arasında Astaraçay üzərində yeni körpünün inşa olunması üzrə işlərə başlanıb.
Onun sözlərinə görə, həmçinin iki ölkə arasında elektrik mübadiləsi həyata keçirilir: "Bununla yanaşı İran, Azərbaycan və Rusiya arasında elektrik sistemlərinin sinxronlaşdırılması üzrə işlər aparılır", - səfir vurğulayıb.