Azərbaycanda ev almaq istəyənlər mənzillərə üstünlük versə də, fərdi evlərin də müştəriləri az deyil. Yaşayış binalarının ümumi problemlərindən kənarda qalmaq istəyənlər, qonşuları ilə problem yaşamaqdan qaçanlar, ürəyi istədiyi vaxt samovar və manqal keyfi çəkmək arzusunda olanlar həyət evində yaşamağa çalışırlar. Bəs bu tipli evlər necə qiymətləndirilir və neçəyə başa gəlir?
Eləcə də bax: Bakıda tikinti qaydalarının dəyişməsi - «NOVOSTROYKA»LARI BAHALAŞDIRIR
"Əsas məsələ evin harada yerləşməsidir"
FED.az xəbər verir ki, ölkədəki qiymətləndirmə şirkətlərindən birinin rəhbəri olan Vüsal Məstəliyev deyir ki, digər daşınmaz əmlak növləri kimi fərdi evlərin də qiyməti ilk növbədə onun yerləşdiyi əraziyə görə formalaşır: "Məsələn, hazırda həyət evləri daha çox Abşeron rayonunda - Xırdalan şəhərində və Masazır qəsəbəsində tikilir. 1-cidə qiymətlər 2-ci ilə müqayisədə 10% yüksəkdir. Çünki, Masazırdan Bakıya gələnlər Xırdalandan paytaxta gələnlərlə müqayisədə daha çox tıxaca düşürlər. Ərazi amili ilə yanaşı, evlərin yanında məktəb-bağça və digər infrastruktur obyektlərinin olması da qiymətlərə təsir edir".
"Ev yeni tikilib yoxsa ötən əsrdən qalıb?"
Bundan başqa, V.Məstəliyev deyir ki, fərdi evin yeni tikilməsi və yaxud ötən əsrdən qalması da qiymətə təsir edən mühüm amildir: "Əgər son 15-20 ildə tikilmiş həyət evlərinə qiymət qoyulanda onların 1 kvadratmetrinə orta hesabla 500 manat qiymət qoyuruqsa, köhnə, daha çox ötən əsrdə tikilmiş evlərdə qiymət 150-200 manatdan götürülür. Çünki, köhnə evlərin çoxunun istismar müddəti bitib".
"Həyətyanı sahə də amildir"
Ekspertin sözlərinə görə, fərdi evin həyətyanı sahəsinin olub-olmaması, əgər varsa hansı ölçüdə olması da qiymətə təsir edən amildir. Amma bəzən ev satanlar bu amildən sui-istifadə etməyə çalışır: "Məsələn, bu gün Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 5 sotluq torpaqlarda 1945-50-ci illərdə tikilmiş 200 kvadrat metrlik evlər var. Onları satan şəxslər əmlakını torpağın qiymətinə, yəni 15-20 min manata satır. Adətən banklar belə evlərə ipoteka krediti vermir və müştərilərə bildirirlər ki, sən evi deyil, torpağı satırsan. Ümumiyyətlə isə torpaq evlə birlikdə satılanda ucuz olur".
“Vasitəçilərin evləri məsləhətli deyil”
Azərbaycanda insanlar təkcə özlərinin yaşaması üçün tikdikləri evləri satmır. Əmlak bazarında başqasına satmaq məqsədi ilə torpaq alıb ev tikən onlarla vasitəçi var. V.Məstəliyev deyir ki, belə evlər məsələhətli deyil: "Mən şəxsən həmin evləri almaram. Belə evlər ucuz başa gəlsin deyə bir daşdan tikilir, iki mərtəbə arasına monolit beton tökülmür. Son nəticədə bir-iki ildən sonra evlər çökməyə başlayır. Bəzən eyni ərazidə tikilmiş iki evin arasında 10-15 min manat qiymət fərqi olur. Bu da daha çox dediyim amillərdən irəli gəlir. Vasitəçi evlərini ipoteka krediti ilə almaq da problemdir. Çünki banklar kredit verəndə evin nə cür tikilməsinə, onu kimin satmasına diqqət yetirirlər və əksər hallarda müştəriyə imtina cavabı verirlər".
"Normal ev tikmək üçün azı 30-35 min manat pul lazımdır"
Hazır ev almaq istəməyənlər bir qayda olaraq torpaq alıb özləri ev tikirlər. Qiymətləndiricinin sözlərinə görə, bu gün orta təmirli fərdi evin 1 kvadratmetri 250-300 manata başa gəlir. Son nəticədə 100-120 kvadratmetrlik normal ev tikmək üçün 30-35 min manat pul lazımdır. (Report)