Paytaxtda yeni tikililərin qiymətinin artmasının əsas səbəblərindən biri şəhərsalma qaydalarının yenilənməsi və eyni torpaq sahəsi üçün icazə verilən tikinti sahəsinin azalmasıdır.
Bu barədə FED.az-a müsahibəsində Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası, Kommersiya Hüquqi Şəxslərin İttifaqının sədri Ramiz İsayev bildirib.
Onun sözlərinə görə, bir neçə il əvvəl şəhərsalma qaydalarında edilən yenilik nəticəsində tikinti sahəsi ilə bağlı əmsallar aşağı salınıb.
«Məsələn əvvəllər Bakıda 1 hektarda yaşayış üçün məsələn, 50-60 min kvadratmetr tikinti sahələri inşa etmək mümkün idisə, indi həmin ərazidə yalnız 20-30 min kvadratmetr tikniti aparmaq icazəsi verilir. O da bahalaşmaya, qiymət artımına səbəb ola əsas amillərdən biridir».
Assosiasiya sədrinin məlumatına görə, bu problemlə bağlı sahibkarların quruma çoxsaylı müraciətləri var: «Əvvəllər qaydalara əsasən, şəhərdə tikinti üçün bir sahəyə verilən əmsal 5-ə bərabər idi. İndi bu rəqəm 2,8-ə enib. Yəni eyni sahədə əvvəlkindən daha az tikinti aparmaq olar. Əvvəlki sənədlərdə əmsal daha yüksək idi. Bu da tikintinin maya dəyərinə və mənzillərin qiymətinə təsir edir».