“Huner Group” iş yerində əməkdaşların istirahəti üçün yaradılan şəraitlə bağlı fəaliyyətə başladığı ilk vaxtlardan gündəmə gəlmişdi. Belə ki, ofisdə işçilərin istifadəsi üçün kinozal, karaoke otağı, playstation salonu, qapalı mini futbol və basketbol meydançası, stolüstü tenis və s. yaradılıb.
Amerikalı investor və iş adamı: “Fantastik Azərbaycan” dövrü başlayır - MÜSAHİBƏ
Bəs Azərbaycanda müasir tələblərə cavab verən bu şirkət necə yaranıb? Bu səviyyəyə gələnə qədər təsisçi hansı yolu keçib? Bu yol və hazırkı fəaliyyətlə bağlı FED.az “Huner Group”un təsisçisi və direktoru Ehtiram Quliyevlə söhbətləşib.
“Huner Group”un tərkibində olan müəssisələr: “Huner Conctruction”, “Premium Medical Assistance”, “Azmedicon MMC”, "Darçın" aptekləri, “Tamam A”
- “Düşünmürəm, xəyal qururam” - demisiniz. Bu xəyalpərəstliyiniz nə zamandan başlayıb?
- Xəyalpərəstliyim uşaq vaxtlarımdan başlayıb. Özümə qapalı uşaq olmuşam. Durmadan da hər bir uşaq kimi xəyal qurmuşam. Bəlkə məndə bir az daha çox idi. Xəyalımda qəhrəman, müharibə iştirakçısı, alim və s. bir çox obrazda olmuşam.
- Bəs iş adamı olmaq xəyalınız var idi?
- Mən hüquq təhsili almaq istəyirdim. Bu seçimi akademik karyera qurmaq xəyalı ilə etmişdim. Həyatda əldə etmədiyim bir çox şey var, amma məni ən çox üzən, mənəvi olaraq boşluq hissi yaradan bu xəyalımı əldə etməməyim oldu. Elm sahəsində müəyyən yerə gəlmək, böyük auditoriyalarda tələbələrə hüququ tədris etmək istəyirdim. Amma həyat elə deyil, məni sahibkarlıq sahəsinə gətirib çıxardı.
- Necə gətirdi?
- Mən magistratura təhsilimi Ankara Universitetinin hüquq fakültəsində alırdım. Həmin müddətdə atam işindən ayrıldı, ailənin maddi çətinlikləri oldu. Məhz buna görə mən vətənə dönüb əmək fəaliyyətinə başlamağa qərar verdim.
- Elm adamları ilə söhbət edəndə, deyirlər ki, mənim xarakterim biznes yox, elmi mühit üçün uyğundur. Siz də özünüzü elmdə görmüsünüz. Bəs xarakterinizdə biznes üçün uyğunluq görürdüz?
- Biznesə meyilliliyim çox idi. Durmadan fürsətləri görürdüm, onları dəyərləndirmək istəyirdim. Ən xırda fürsətlər belə içimdə bir qığılcım yaradırdı. Bunu özümdə müşahidə edirdim, amma biznes istəmirdim.
- Niyə istəmirdiniz?
- Elm daha müqəddəsdir. Cəmiyyətə faydası daha çoxdur, gənclərin yetişdirilməsində əhəmiyyətli rol oynayır. Hələ də arada geri dönüb təhsilimi tamamlayıb orada uğurlu ola biləcəyimi düşünürəm. Hələ heç nə bitməyib.
- İlk biznesiniz sənaye-təbabət sahəsində olub. Bir az izah edək, nə iş idi?
- Mən Türkiyədən qayıdanda Azərbaycanda əmək fəaliyyətinə Mərkəzi Klinik Xəstəxananın hüquq şöbəsində başladım. Qısa müddətdə hüquq şöbəsinin müdiri oldum. Azərbaycanda yeni qurulmuş tam təsərrüfatlı, özəl prinsiplərlə işləyən ilk klinika idi. İkinci iş yerim “Azəralüminium”da İnsan resursları sahəsi oldu. Sənaye və tibbdə gördüm ki, iş yerlərində baş verən qəza, istər hansısa sağlamlıq problemi zamanı Təcili və Təxirə Salınmaz Tibbi Yardıma ciddi ehtiyac olur. Bu sahədə özəl şirkətlər formalaşmayıb. Dövlət də hər müəssisəyə, zavoda bu mütəxəssisi verə bilmir. Bu iki görmüş olduğum təcrübədən faydalanaraq belə bir sahədə fəaliyyət göstərə biləcəyimi düşündüm. İlk şirkətim medical assistant (tibbi yardım) şirkəti olan “Azmedicon MMC”-ni qurdum.
- İlk biznesinizə başlayanda, pul lazım olmayıb. Necə başladınız ki, lazım olmadı?
- Bu gün o şərtlər keçərli deyil. Mən sizə 20 il öncədən danışıram. Ölkədə iqtisadi mühit formalaşmamışdı, fürsətlər çox idi. İndi ölkəmiz üçün qürurverici, fərdi sahibkarlar üçün təəssüflü haldır ki, artıq şirkətlər çoxalıb, bəzi ticari ənənələr formalaşıb. Ona görə bu gün hansısa sektorda işə başlamaq çox çətindir. Bazarda boşluq azdır. Az da olsa boşluq var, gənclər görür, dəyərləndirir. Amma ovaxtkı qədər deyil.
Mənim təcrübəmə gəlincə, heç bir sərmayə qoymadan bir şirkətin tenderinə girdim. Rəqiblərimdən 50 faiz daha ucuz qiymət təklif verərək həmin layihənin qalibi oldum. Sonra əməkdaşlar cəlb etdik, xırda ofis tutduq, tibbi yardımı üçün avtomobil kirayə götürdük. Fəaliyyətimizə elə davam etdik. Şirkətin maliyyə imkanları olduğunda həmin avtomobilləri satın aldıq.
- Köhnə binalara tələb artanda, qiymətləri yüksələndə, köhnə tikilidə olan evi baha satıb, yeni tikilidən ev almısınız. Bu təcrübədən sonra artıq tikinti sektoruna keçmisiniz. Necə oldu?
- 7-8 il idi ki, birinci biznesimiz davam edirdi. Tikinti sektoruna keçidim təsadüfən baş verdi. Yeni ailə qurmuşdum. Özümə köhnə tikilidən 2 otaqlı ev almışdım. Kvadratı böyük olmasa da, yaxşı seçilmiş ev idi. Həyat yoldaşım yaxşı mebel əşyaları gətirmişdi, evi gözəl bəzəmişdi. Həmin ərəfədə yeni tikilidə bir problem baş vermişdi. Buna görə, təzə tikililərə rəğbət azaldı, köhnə tikililərə maraq artdı və qiymətləri yüksəldi. Bu fürsətdən istifadə edib evimi satışa çıxardım, bazar dəyərindən bir az daha baha qoydum. Qiyməti qonşulardan baha qoysam da, mənim evimi aldılar. Düşündüm ki, mənim evimi niyə baha aldılar? Düzdür, əşyalarımı götürəcəkdim. Ancaq qənaətim o oldu ki, insanlar uyğun funksional evə sahib olmaq istəyirlər. O zaman bu günümüzdəki kimi dizayn şirkətləri, dizaynerlər yox idi. Hər kəs evinin dizaynını özü həyata keçirirdi. Bəzən də uyğun yerləşdirmə olmurdu. Bu zaman xırda kvadratlarda çox darısqal həyat şəraiti yaranır. Bu fürsətdən istifadə edib xırda mənzillər alıb, təmir edib, əşyalarla təmin edib bazara çıxardım. Hobbi olaraq başlanmış iş idi.
- Amma hobbi böyüdü...
- Get-gedə bu hobbi xəstəlik kimi oldu, davamlı işlər gördük. Bir də baxdıq ki, bir inşaat şirkətinin kiçik layihəsinə ortaq olaraq girmişik. Layihəmiz uğurlu oldu. Əslində bizdən öncə də o layihəni edənlər uğurlu iş adamları idi. Amma onların da gözündən qaçan bir çox nüanslar var imiş. Onların təcrübələrindən dərs çıxartdıq. Onun üzərinə də bir şeylər əlavə etdik. Yeni yanaşmalar, yeni maliyyə mənbələrini şirkətimiz üçün tapdıq. Uzun müddət deyil, amma Azərbaycanda sözünü deyən şirkətlərdən biriyik.
- Nə qədər müddət hobbi kimi getdi?
- 13-14 il əvvəl mən hobbi kimi başlamışdım. Qısa müddətdə də sürətli böyüdü. Və 2017-ci ildə bizneslərimi “Huner Group” adı altında birləşdirdik. Şirkət həm tikinti sektorundadır, həm də tibbi yardım.
- Niyə şirkətləri bir qrup halında birləşdirdiniz?
- Biz dəyər yaradırdıq, daha keyfiyyətli yanaşırdıq. Amma işimizin keyfiyyətinin marka dəyəri olaraq öz şirkətimizə qatqını təmin edə bilmirdik. İstər vergi ilə bağlı islahatlar, istər hüquq-mühafizə orqanlarının biznesə müdaxiləsinin azaldılması bizə görmüş olduğumuz işləri bir marka altında birləşdirməyin şirkətə qatqısı olacağı inancına gəldik. Peşman da deyilik. Çünki ciddi nailiyyətlərimiz son 6 ildə oldu.
- Biznes adamları deyirlər ki, bir istiqaməti hədəf götür, elə davam et. Siz iki sektorda paralel davam etmisiniz. Biri digərində axsamaya səbəb olmurdu?
- Bir istiqamətə fokuslanmaq lazımdır. Düzü budur. Amma həyat bizi buna məcbur edir. İlk gözağrımız olan şirkətdəki əməyimiz, uğurlarımız o işi bizə doğma edir. Onu buraxmaq fikrimiz yoxdur. Bizdən sonra yerimizə qoymuş olduğumuz idarəçilərin peşəkarlığı, zəhmətkeşliyi o şirkətin günü-gündən böyüməsinə gətirib çıxarır. Hazırda bu iş davam edir. Ofislərimiz ayrıdır. Ora da gedirəm. Ancaq şirkətin 80 faizindən çoxu tikintidir. Günümün əksər hissəsi inşaatdadır. Gənclərə iki işlə məşğul olmağı məsləhət görməzdim.
- Pərakəndə şəkildə ev təmir edib satışı ilə məşğul olanlar var, amma çoxunda şirkət halına gəlmir. Sizcə, niyə?
- Bizim şirkət halına gəlməyimizə əlimizdəki resursların – qazancımızın qısa müddətdə daha çox böyüməsi səbəb oldu. Durmadıq, çalışdıq, işlədik. O vəsaiti qısa müddətdə qazandıq. Burda da bayaq qeyd etdiyim məsələyə gələcəyik. Bizim dönəmlə indiki vəziyyəti müqayisə etmək doğru olmazdı. Biz bu işə başlayanda ölkədə dizayn şirkətləri az idi, rəqabət indiki kimi deyildi, mənzil qiymətləri durmadan artırdı. Amma indi o işlərlə məşğul olan insan sayında həddindən artıq artım var. İnteryer dizayn işi ilə məşğul olan gözəl mütəxəssislər ölkəmizdə çoxdur. Rəqabət artanda mənfəətçilik düşür. Yəni qiymətlərdə artıq bir stabillik var. Bu səbəblərdən bu işlə məşğul olanların indi şirkətləşməsi çətindir. Mən də olsam, indi şirkətləşməzdim. Real olmaq lazımdır.
- Tikinti sektorunda ən çox sevdiyiniz iş hansıdır?
- Tikinti daha zövqlüdür. Sıfırdan qurursan, istədiyim kimi planlaşdırırsan, bir əsər olaraq meydana gətirirsən. Həmin prospektdən keçəndə öz əsərini görə bilirsən. Bilirsən ki, uzun illər keçəcək, sən həyatda olmayacaqsan, amma sənin bu əsərin qalacaq. Şirkətimizin daxilində dizayn işləri də var. Evləri, obyektlərin təmir-dizayn işini görürük. Amma o binanın yanından keçəndə səndə o hiss olmur ki, sənin əsərindir. Digər tərəfdən yanaşsaq, 10-15 il sonra o təmir orda olmayacaq.
- İki istiqamətdə biznesinizi müqayisə etsək, hansıdan idarəetmə çətindir?
- Bütün işlər çətindir, asan iş yoxdur. Amma mən tikintidən zövq alıram. Bəlkə də bu sahədə idarəetmə çətindir, amma mən zövq aldığım üçün mənə asan gələ bilər.
- Biznes adamı kimi yanaşsaq, bəlkə həm də daha çox pul gətirir deyə zövqlü gəlir?
- Razıyam, tikintidə gəlir daha çoxdur. Amma bayaq vurğuladığım kimi fərqli kəsimlərdə, tanımadığımız insanlara faydalı ola bilməyimizi, günün birində əməklik yaşına çatanda, o küçədən keçəndə inşa etdiyim binanın önündən keçəcəyimi, Bakı şəhərinin memarlığına bir töhfə verəcəyimizi düşünürəm. Mənəvi tərəfi olmasa, maddi tərəflə çox irəli getmək olmur.
- Onda biznes olaraq ən çox tikintini məsləhət görərsiniz...
- İnvestisiyanız varsa, bəli. Biz xırda məbləğlərlə başladıq, bu gün çox çətindir. Amma düşünmədən məsləhət görərdim.
- Bu gün minimum nə qədər lazımdır?
- Günümüzün şərtlərində bu artıq milyonlarla ölçülür. O vaxt on minlərlə ölçülən məbləğ bu gün milyonlar tələb edir
- Bazar rəqabətlidir. Yeni tikili inşa edən şirkət çoxdur. Fərq ortaya qoymaq çətin deyil?
- Qoya biləcəyimiz fərqlər həddindən artıq çoxdur. Amma bəzən bu fərqə bazarın da hazır olması lazımdır. Əgər onlar hazır deyilsə, bizim hazır olmağımız bir əhəmiyyəti qalmır. Beynəlxalq təcrübəni, dünyada mənzil tikinti sahəsində gedən dəyişiklikləri, ehtiyacları ortaya çıxarırıq, onlardan faydalanırıq. “Flex house” sistemində tikintidə patenti bizə aid olan bir məhsulumuz var. Orda mənzil sahiblərinin istifadə edə biləcəyi məkanlar mövcuddur. Azərbaycanda tək bizdədir. Sinema salonu, idman zalı, qonaq otağına qədər 14 növ otağımız mövcuddur. Müştərilərimiz tərəfindən məmnuniyyətlə qarşılandı. Çalışırıq ki bütün layihələrimizdə bu sistemdən istifadə edək. Həm beynəlxalq bazarı nəzərə alırıq, həm milli amilləri.
- Tenderlərdə iştirak edirsiniz? Burda yanaşmanız necədir?
- Tender işi çətindir. Azərbaycanda bir çox şirkət zərərinə də olsa, tenderə girir. Çünki onları həyatda saxlayan amil tenderlərdir. Bəzi maliyyə problemləri var, çıxış yolu olaraq tenderləri görürlər. Maliyyə dövriyyəsinə, yaxud kreditlərinə görə çox aşağı qiymətlə də olsa, tenderə girirlər. 10 manatlıq işə 9 manat təklif edən şirkətlərimiz mövcuddur. Borca görə buna gedir. Bəlkə də qısa müddət üçün haqlıdır. Amma uzun müddətdə problemini daha da dərinləşdirir, daha da böyüdür. Çünki hər layihədən zərərlə çıxmaq sadəcə problemin bir neçə il sonraya təxirə salınması və üstəlik daha böyük problemlə üzləşməsindən ibarət olur. Ona görə də tenderlərə o qədər də girməyi üstünlük vermirik. Xüsusilə bu günə qədər dövlət sifarişi olan tenderlərə girməmişik. Dövlət tenderlərində rəqabət çox olur. Üstəlik də işin dəyərindən belə aşağı qiymətlər təklif edənlər çox olur. Dövlət tərəfindən baxanda, şəffafdır, qiymətini təyin edir, bütün prosedurlara riayət edən şirkət aşağı qiymət təklif edib tenderdə qalib olacaq. Onlar da düz edirlər. Biz də öz prinsiplərimizlə düz edirik. Hazırda şirkətin 1 manat belə krediti yoxdur.
- Bəs nə vaxtsa götürmüsünüz?
- Əlbəttə. Şirkətin böyüməsi üçün götürmüşəm. İşimizin böyüməsinə çox ciddi təsiri olub. Amma devalvasiyadan sonra kreditimiz yoxdur.
- Bəzi təsisçilər işin içindən uzaq qalmağı seçirlər, bəziləri qarışır. Siz təsisçi olaraq işin içindəsinizmi?
- Mən orta bir yerdəyəm. Nəzəriyyə olaraq bilirəm ki, təsisçi qarışmamalıdır. Amma mən bu işi sıfırdan qurduğuma görə, övladım kimidir. Bütün təsisçilərin bəhanəsi odur (Gülür). Amma mən onsuz yaşaya bilmərəm. Passiv investor deyiləm. Sahə adamıyam, sahədə olmalıyam. Ortağım yoxdur, tək təsisçiyəm.
İşin içindən çıxmaq istəyirəm, amma olmur. Bilirəm ki, məndən sonra şirkəti idarə edən şəxslər də öz enerjilərini bəlkə məndən də yaxşı ayıracaqlar. Bəlkə məndən daha yaxşı idarə edəcəklər, rasional davranacaqlar, duyğularını işin içinə qatmayacaqlar. Bəzən mənim duyğularımı işin içinə qatmağımın mənfi təsirləri olub. Onlar daha professional davranacaq. Çünki onları maraqlandıran əsas zərərlilik, mənfəətlik mövzusu olacaq. Hesabat verəcəklər, riskli qərarlara imza atmayacaqlar. Mən kimsəyə hesabat vermədiyimə görə duyğularımı qatıram, bəzən mənəvi yanaşıram. Amma biznes mənəviyyat sevmir. Mənəvi yanaşma şirkətin aqressiv böyüməsinə imkan vermir.
- Şirkətdə bütün qərarların verilməsində iştirak edirsiniz?
- İşin içindən çıxa bilməməyim o demək deyil ki, mütləq hakimiyyət məndədir. Bəzən olur ki, hansısa qərar üçün kollektivimi razı salmağa çalışıram. Hər hansı fikrim olanda, idarə heyətinin üzvlərinin fikrini bir-bir soruşuram. Bəzən razı olmurlar, amma mən öz fikrimin yaxşı tərəflərini çatdırıb onları razı salmağa çalışıram. Razı salmağa əksər hallarda nail oluram. Amma razılaşmadıqları da olur. Bəzən mən haqlı çıxıram, bəzən əməkdaş. Yəni yanıldığım da olur, insanam.
- Yanılmalar yeni sektorlara girişlə bağlı olur?
- Təzə sektorlara girmirəm, bu haqda düşünmürəm də. Yüzlərlə müraciət olur, sosial mediada mənə yazırlar. Amma fərqli sektorlar haqqında düşünmürəm. Yanılmalar layihələrlə bağlı olur.
- Yanılmalar sizə ən çox hansı məbləğin itkisi ilə başa gəlib?
- Hansısa rəqəm yadımda deyil. Amma bəzən yanılmanın nəticəsindən mənfəətlə çıxmışam. Biz bir layihəmizin inşasına başlayanda, mən israrla “Premium klass” təmirli mənzillər edib elə satışa çıxmağı düşünürdüm. Satış heyəti satışımızın yaxşı getdiyini, bazarın premium təmirli mənzil ehtiyacının olmadığını, daha seçici davranan müştərilərimiz olduğunu diqtə etməyə çalışırdılar. Mən dedim yox, belə olacaq. 2 binalı kompleks idi. Biz təmirli başladıq, satışımız olmadı. İkincini təmirsiz satışa çıxardıq. Təmirsiz qısa müddətdə satıldı, təmirlidən yenə alan olmadı. Daha sonra mənzil qiymətlərində artım müşahidə olundu. Mən yanıldım, amma daha çox mənfəət əldə etdim. Gec satıldı, amma baha satdıq. İlk vaxtlar satsaydıq, qazancımız o qədər olmacayaqdı. Yanılmaq hər zaman mənfi nəticəyə gətirmir.
- İlk işinizdən ayrılanda, atanız etiraz edib, deyib ki, mən fikirləşirdim ki, sən burdan pensiyaya çıxarsan.
- Atam bir yerdə işləyib, ordan da pensiyaya çıxıb. Tək sevən insandır, heç bir şeyini dəyişməyi sevməz. Mən işimi dəyişmək istəyəndə ciddi əməkhaqqı və pozisiya fərqi var idi. İlk işdə mən 250 dollar maaş alırdım, təklif gələn işin maaşı 950 dollar idi. Sevinə-sevinə gəlib atama dedim, onun sevinəcəyini düşündüm. O üzüldü və əsəbləşdi. Niyə belə qərarlar aldığımı sorğuladı. “Mən düşünürdüm ki, sən ordan pensiyaya çıxarsan” dedi. “Doğrunu mən bilirəm” deyib durmadım. Amma onu razı salmağa çalışdım. Bunu bacarmağım bir müddət vaxt aldı. Xeyir-duasını alandan sonra işimi dəyişdim.
- Ancaq o dövr üçün bu qədər maaş fərqi ilə iş təklifi gələndə, çox adam düşünürdü ki, riskdir, o cür yüksək maaşlı işlərin alınmama ehtimalı yüksəkdir. Düşünürdünüz ki, bəlkə qalım?
- Yox, qalmazdım. Mən elə insan deyildim. Yanıla da bilərdim. Amma mən özümə, potensialıma güvənirdim. Özümə güvənirəmsə, işimi itirməkdən niyə qorxum ki? Alınmasa, başqa iş tapardım, iş qurardım. Yenə də çəkinməzdim. Hazırda belə ən çətin şəraitə hazıram. Günü sabah taksi sürücüsü olaraq işə çıxa bilərəm. Mənim üçün çətin deyil. Çünki durmadan eqomu, nəfsimi tərbiyə edirəm.
- Pul artdıqca adam dəyişir – deyirlər. Sizin fikriniz maraqlıdır.
- İnsan oğlu dəyişir. Dəyişməmək üçün çalışırıq.
- Nə edirsiniz?
- Kitab oxumağı sevirəm. Mütaliə edirəm. Bəzən vaxt az olur, amma yenə də oxumaqdan əl çəkmirəm. Oxuyaraq insanın nə qədər kiçik, zərrə olduğunun fərqinə varırsan, zərrə olandan sonra da başa düşürsən ki, heç bir şeyin əhəmiyyəti yoxdur.
- Aylıq xərciniz böyük şirkətlərdəki departament rəhbərlərinin aylıq xərci qədərdir. 3000 manat kimi. Bəzi biznes adamlarının biznes böyüdükcə şəxsi xərcləri də artır.
- Bilirsiniz, bu yanaşma ilə əlaqəlidir. Şirkətin iş həcmi, dövriyyəsi artıb deyə mənim şəxsi xərcim niyə artmalıdır? Dünən ev işlərində bir nəfər kömək edirdi, indi 7 nəfər olmalıdır? Həmin ehtiyaclarım var.
Həm də bəzi işləri özümüz edirik. Mənim sürücüm yoxdur, avtomobilimi özüm idarə edə bilirəmsə, niyə sürücü götürüm ki? Yeməyi həyat yoldaşım özü edir. Ailəvi olaraq onun bişirdiyi yeməklərə üstünlük veririk. Bəlkə o dadlı bişirir deyə, restoranlara çox getmirəm.
Rəsmi görüşlər, işlə bağlı xərclər arta bilər, amma şəxsi olaraq yox.
Aygün Asimqızı