2021-ci ilin yanvar-noyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 325,4 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 42,3% çoxdur.
Eləcə də bax: İPOTEKA FONDU: Vətəndaşların istəkləri nəzərə alınmaqla yeni mənzillər - ALINA BİLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Noyabr ayında fondun agent bankları tərəfindən 21,4 milyon manat məbləğində ipoteka krediti verilib.
AMB-nin məlumatına görə, 11 ay ərzində İKZF 378,9 milyon manat məbləğində krediti təkrar maliyyələşdirib (2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə artım 2,7 dəfə - İF).
Noyabr ayında fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait almayıb. Yanvar-noyabr aylarında İKZF dövlət büdcəsindən 71 milyon manat vəsait alıb.
Yanvar-noyabr aylarında fond istiqrazların yerləşdirilməsindən 200 milyon manat (noyabrda yerləşdirmə olmayıb) cəlb edib.
2020-ci ildə İKZF-nin agent bankları tərəfindən 257,5 milyon manat məbləğində ipoteka krediti verilib (sentyabrda yerləşdirilmə həyata keçirilməyib).
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.