Qırmızı dənizd yeni lüks daşınmaz əmlak mərkəzi yaradılır. Söhbət Səudiyyə Ərəbistanı sahillərində yerləşən Lahek adasından gedir.
FED.az xəbər verir ki, Səudiyyə Ərəbistanı sahillərində yerləşən Qırmızı dəniz arxipelaqında sürətlə dəbdəbəli villalar və mənzillər tikilir. Bu işləri Səudiyyə Ərəbistanının 1 trilyon dollarlıq suveren sərvət fonduna məxsus olan Red Sea Global şirkəti həyata keçirir.
Azərbaycanlılar Monteneqroya - 1 milyard dollar pul yatırıb
Kompleksdə bəzi mülklərin qiyməti 40 milyon dollara çatır, bu da layihənin miqyasını və ambisiyasını göstərir. Bu addım xarici investisiyaları cəlb etmək və Səudiyyə Ərəbistanını aparıcı turizm məkanına çevirmək üçün böyük planın bir hissəsidir. Ərəbistan rəsmiləri ümid edir ki, dünyadakı zəngin insanlar burada özlərinə ikinci və ya üçüncü evlər alacaqlar. Layihənin nümayəndəsi Stiven Çizbroun bildirir ki, Lahek adasında mənzillərin qiyməti 1,5 milyon dollardan başlayır, villaların qiyməti isə 40 milyon dollara qədər ola bilər.
Dəbdəbəsinə və verilən vədlərə baxmayaraq ekspertlər xarici alıcıların bura asanlıqla cəlb ediləcəyinə şübhə edirlər. Səudiyyə Ərəbistanının daşınmaz əmlak bazarı hələ başlanğıc mərhələsindədir, məsələn Dubay kimi məşhur deyil. Üstəlik burada mühafizəkar sosial normalar, o cümlədən spirtli içkilərə qadağa, lüks mülklərin yüksək sürətlə satıldığı daha liberal Dubayla müqayisədə problem yarada bilər.
Daşınmaz əmlak bazarlarını araşdıran «Knight Frank» şirkətinin aradırmasına görə, Səudiyyə Ərəbistanında mənzil qiymətləri son 5 ildə xeyli artıb, qiymət artımı mənzillərdə 96%, villalarda 53% təşkil edir. Son 12 ay ərzində bahalaşma səbəbindən alışlar zəifləyib. Nəticədə şahzadə Məhəmməd bin Salman qiymətlərin "qəbuledilməz" olduğunu açıqlayıb.
Hələlik yayılan məlumatlara görə, layihəyə zənginlərin marağı var. Onların arasında məşhur britaniyalı futbolçunun da olduğu bildirilir, amma bu reklam məqsədilə buraxılmış şafiə də ola bilər.
400 hektarlıq Lahek adası elita üçün "yaşıl" icma kimi düşünülüb. Layihə 528 villa və 221 mənzilin tikintisini nəzərdə tutur. Adada qolf meydançası, yaxta, çimərlik klubu, yelkən və su idmanı məktəbləri, bazar və iki otel olacaq. Layihənin birinci mərhələsi 2028-ci ildə açılacaq, indiyədək burada 400 milyon dollarlıq əmlak satılıb və bu il daha 530 milyon dollarlıq satmağı planlaşdırır.