Vatsap uzun müddətdir gözlənilən “istifadəçi adı” funksiyasını Android sistemində test etməyə başlayıb. Artıq nömrə paylaşmadan da ünsiyyət qurmaq mümkün olacaq.
"Samsung" və "Tesla" arasında 16,5 milyard dollarlıq mikroelektronika müqaviləsi bağlanıb
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, daha əvvəl iOS beta versiyasında görünən bu yenilik, istifadəçilərə telefon nömrələrini paylaşmadan, digər sosial media tətbiqlərində olduğu kimi unikal istifadəçi adı təyin edərək platformada tapılmaq imkanı yaradır.
Beləliklə, kiminləsə əlaqə yaratmaq üçün artıq nömrə paylaşmağa ehtiyac olmayacaq.
Tətbiqin son beta versiyasında yer alan ekran görüntülərinə görə, istifadəçilər söhbətlər bölməsindəki axtarış hissəsinə istifadəçi adı yazaraq həmin şəxsi tapa biləcəklər. Əgər qarşı tərəf profil şəklini hər kəsə açıq olaraq təyin edibsə, axtarış nəticələrində şəkilləri də görünəcək. Tapılan hesabla adi söhbətlərdə olduğu kimi ucdan-uca şifrələmə ilə təhlükəsiz şəkildə yazışmaq mümkün olacaq. Səsli və görüntülü zənglər, media göndərişi və digər bütün söhbət funksiyaları da istifadə edilə biləcək. Yəni klassik vatsap funksiyalarının hamısı keçərli olacaq.
Əlbəttə, bu sistemin bəzi qaydaları var. İstifadəçi adlarının unikal olması, müəyyən uzunluqda olması və ən az bir hərf daxil etməsi tələb olunur. Bundan əlavə, saxta hesabların və kimlik qarışıqlığının qarşısını almaq üçün müəyyən format qaydaları tətbiq ediləcək.
Yeni funksiya ilə birlikdə istifadəçi adlarının qlobal miqyasda axtarıla biləcəyi qeyd olunur. Yəni, artıq yalnız telefon dəftərinizdə olan şəxslər deyil, başqa ölkələrdəki insanlara da istifadəçi adı ilə çatmaq mümkün olacaq. Lakin bu funksiyanı istəməyənlər sadəcə telefon nömrəsi ilə vatsapdan istifadə etməyə davam edə bilərlər.
Funksiyanın bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı isə dəqiq bilinmir.