Türkiyənin iri texnologiya şirkəti, proqram təminatının hazırlanması, sistem inteqrasiyası, texnologiya xidmətləri sahəsində 27 ildən çox təcrübəyə sahib olan “Bilge Adam” Azərbaycana gəlir.
"İl sonuna qədər 5 min nəfərə Technest təqaüdü verilməsi hədəflənir"
FED.az xəbər verir ki, şirkət İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə ötən il 19 aparıcı türk şirkətinin Azərbaycana səfəri çərçivəsində yerli biznes mühiti ilə tanış olub, əməkdaşlıq formatlarını dəyərləndirib.
Bunun nəticəsi olaraq burada öz törəmə şirkətini açacaq şirkət ilk fəaliyyətinə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “Technest” təqaüd proqramı ilə əməkdaşlıq çərçivəsində start verəcək. Belə ki, şirkət həm öz texnoloji həlləri ilə, həm də güclü akademik heyəti ilə İKT sektorunda insan kapitalının inkişafına yönəlmiş layihələrdə iştirak edəcək. Şirkətin növbəti dövrlərdə Azərbaycanda fəaliyyətini və xidmət sahələrini genişləndirməsi nəzərdə tutulur.
Xatırladaq ki, 22 fevral tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “Bilge Adam” şirkətinin nümayəndələri arasında ikitərəfli görüş baş tutub. Müzakirələrdə əməkdaşlıq çərçivəsində potensial atılacaq addımlar və hədəflər müəyyən olunub.
Qeyd edək ki, “Bilge Adam” şirkətinin “Technest”lə əməkdaşlıq çərçivəsində ölkədə rəsmi fəaliyyəti aprel ayından etibarən başlanılması planlaşdırılır. (Marja)