00 milyon abunəçi, 500 milyon baxış, 5 milyon qazanc...
Eləcə də bax: “TikTok” istifadəçilərinin sayı - AÇIQLANDI
FED.az xəbər verir ki, "Forbes" bugünlərdə "TikTok"un ən zəngin ulduzlarının adlarını açıqlayıb. Siyahıda son bir ildə bu platformada milyon dollardan çox pul qazanan istifadəçilər yer alıb. Məlum olur ki, ən gəlirli tiktokerlər 16-28 yaşlı yeniyetmə və gənclərdir. Maraqlıdır, onlar "TikTok"da necə populyarlaşır və şöhrəti böyük pullara necə çevirirlər?
BİR İLƏ 5 MİLYON DOLLAR...
"MediaPost" xəbər verir ki, ən varlı tiktokerlərin siyahısında lider 19 yaşlı Eddison Rey İsterlinqdir. Luiziana ştatından olan Eddison bir ildə "TikTok"dan 5 milyon dollar qazanıb. Gənc qız bu məbləği məşhur kosmetika və geyim markaları ilə bağlanmış müqavilələrdən əldə edib.
E.Rey "TikTok" trendinə 2019-cu ilin oktyabrında düşüb. İdman rəqsləri ona qısa müddətdə populyarlıq və kanalına milyondan çox abunəçi gətirib: "İnsanların mənim haqqımda danışdıqlarını eşidirdim. Bu, ağılasığmaz bir şeydir".
Tələbə ikən Reyin ən böyük arzusu idman xəbərlərinin aparıcısı olmaq idi. Lakin "TikTok" onun planlarını, hətta bütün həyatını dəyişdi. Qısa zamanda populyarlaşan Reydən küçədə selfi və imza istəyirdilər. Məşhurluq pillələrini sürətlə qalxan gənc qızın qarşısında iki seçim vardı - təhsil və ya şöhrət. Eddisonun seçimi ikinci oldu...
56 MİLYONDAN ÇOX İZLƏYİCİ
Artıq 2019-cu ilin sonunda 10 milyondan çox tamaşaçı Reyin videolarını heyranlıqla izləyirdi. O, rəqsləri sayəsində bu platformada ən sürətli böyüyən məzmun istehsalçısı olmağı bacarmışdı. Bu gün Eddisonun kanalına 56,2 milyondan çox insan abunə olub və paylaşdığı hər videoya 2-6 milyon baxış olur. Bir qayda olaraq, E.Rey gündə ən azı 3 video paylaşmağa çalışır.
Populyarlıq yeni ideyalara da yelkən açır və gənc qız virtual məkanda özünün "Item Beauty" adlı kosmetik vasitələr brendini təqdim edir. Hazırda bu marka "İnstaqram"da 25.7 milyon izləyici toplaya bilib.
Reyi izləyən kütlə reklamçılar üçün potensial alıcı hesab olunur. Yaşının az olmasına baxmayaraq, Eddison artıq "Fashion Nova" internet mağazası, "Reebok" şirkəti və İsveçrə markası "Daniel Wellington"la əməkdaşlıq edir. Bu əməkdaşlıqdan əldə etdiyi vəsait onun illik gəlirlərinin 70 faizindən çoxunu təşkil edir.
“MediaPost” bildirir ki, E.Reyin həmçinin "American Eagle" geyim mağazası, dünyanın ən böyük musiqi xidmətlərindən biri olan "Spotify" ilə də müqavilələri var. Gənc tiktoker orada anası Şeri Nikolla birlikdə həftəlik "Mama Knows Best" proqramına ev sahibliyi edir. Dediyinə görə, əsas məqsədi uşaqların əksəriyyətinin valideynləri ilə müzakirə etməyə utandığı mövzular barədə açıq danışmaqdır.
Rey "YouTube"u da unutmur. Orada ayda bir dəfə makiyaj tövsiyələri verir və həyatının təfərrüatlarını paylaşır.
"TikTok" KRALİÇALARI...
"Forbes"in siyahısında ikinci və üçüncü pillələri Amelio bacıları tutub. Bu platforma bir il ərzində Çarli Amelioya 4, özündən üç yaş böyük bacısı Diksiyə 2,9 milyon dollar qazandırıb. Onlar da E.Rey kimi rəqs edir, gülümsəyir və izləyicilərini əyləndirirlər.
16 yaşlı Çarli 19 yaşlı bacısını təkcə "Forbes" reytinqində deyil, həm də "TikTok"da üstələməyi bacarıb. Hazırda onun hesabını 80,9 milyon insan izləyir. Diksinin profilinin isə 35 milyon abunəçisi var. Şəbəkədə Çarlini haqlı olaraq "TikTok kraliçası" adlandırırlar.
İnternet ulduzuna çevrilən Çarli 2019-cu ilin payızında təqdim etdiyi rəqs videolarından sonra məşhurlaşdı. Onu ilk dəfə məşhur amerikalı müğənni Bibi Reks kəşf etdi. O, Çarlini Bruklindəki bir açılış tədbirinə - onunla eyni səhnədə rəqs etməyə dəvət etdi.
Taleyüklü çıxışdan sonra tiktoker doğma Konnektikutdan günəşli Los-Ancelesə köçdü. Cimmi Fellonun şousunda göründü, Milandakı Moda həftəsində iştirak etdi və təbii ki, bir çox sponsorla müqavilələr bağladı. Bir ildir ki, kosmetika şirkəti EOS-la da əməkdaşlıq edir və "Superboul" zamanı yayımlanan "Sabra" reklamında yer alır.
Çarlinin "YouTube" hesabına da böyük maraq var. Burada gənc ulduzun həyatını 6,5 milyondan çox insan izləyir. Bacısı Diksini isə bu platformada izləyənlərin sayı 4,8 milyondur. Çarli böyük bacısını "İnstaqram"da da üstələyib. Onun bu şəbəkədəki abunəçiləri 27 milyonu ötüb. Bacılar burada "Hollister", "Morphe" və bir çox başqa markaları reklam edirlər.
"HYUNDAI", "BURGER KING"...
Siyahının dördüncüsü "TikTok" dünyasının növbəti məşhuru -Pensilvaniyadan olan 19 yaşlı Loren Qreydir. Onun bu şəbəkədən əldə etdiyi illik qazanc 2.6 milyon dollardır. Məsələn, onun çips yediyi adi bir video milyonlarla baxış toplayıb.
Həmkarlarından fərqli olaraq, Qrey agentliklərin köməyi olmadan işləməyə qərar verib. Dediyinə görə, buna səbəb onların sponsorlarla qazanclı sövdələşmələrin qarşısını almasıdır. "Loren Qrey markasını necə qurmağı və Loren Qrey olmağı bilən yeganə adam Loren Qrey özüdür", - deyən gənc qız kənardan dəstək almadan öz işini inkişaf etdirəcəyini bildirib.
Təəccüblüdür ki, bu yanaşma özünü doğruldub. 2018-ci ildə Qrey bir vaxtlar Devid Boui, həmçinin "Depeche Mode" və "Daft Punk"la işləyən Britaniyanın məşhur səsyazma şirkəti "Virgin Records"la 8 mahnılıq müqavilə bağlayıb. Qreyin ən populyar klipi 16 milyona baxış yığıb. Qreyin "YouTube" kanalının 3,8 milyon abunəçisi var.
Bu il isə o, "Skechers", "Hyundai" və "Burger King" kimi nəhənglərlə sponsorluq razılaşmaları imzalayıb. Və bu da onu "TikTok"un ən varlı ulduzlar siyahısına salıb.
Hazırda Qrey "Revlon" şirkəti ilə yeni bir müqavilə imzalamağa hazırlaşır. Müqaviləyə əsasən, o, hesablarında, həmçinin 20 milyon izləyicisi olan "İnstaqram"ında sponsorluq materialları yaymalıdır.
18 YAŞLI MİLYONÇU
Siyahının sonuncuları əks cinsin nümayəndələridir. Ən varlı tiktokerlər siyahısında beşinci yeri 18 yaşlı kanadalı aktyor və musiqiçi Coş Riçards tutur. O bir il ərzində 1,5 milyon dollar qazanıb.
"Warner Records" və "Reebok"la müqavilələrə əlavə olaraq Riçardsın öz agentliyi ("TalentX") və enerji içkisi şirkəti ("Ani Energy") var. Üstəlik, Riçards "Triller"də (TikTok-a rəqibdir) strateji inkişaf direktoru vəzifəsini tutur və eyni zamanda onun həmtəsisçisidir.
Onun "İnstaqram" hesabında 7, "YouTube" kanalında 2.2 milyon abunəçi var.
XƏYALLAR GERÇƏK OLUR...
Altıncı yerin sahibləri isə ilə 1.2 milyon dollar qazanan 20 yaşlı rəqqas Maykl Li və 28 yaşlı bitbokser Spenser X-dir. Onların hər ikisi amerikalıdır.
"TikTok" hesabında 34,4 milyon abunəçisi olan Linin 42,1 milyon abunəçi olan Spenser X-lə bir neçə ortaq işi olub. Gənclər birlikdə bitboks istifadə edərək musiqili videolar çəkiblər.
"Telefonu qoyub rolik çəkməklə iş bitmir. Hər videonu neçə hitə çevirəcəyimi bilirəm", - deyə Li bildirib.
Bu il onun iki videosu birlikdə 500 milyona yaxın (478 milyon) baxış toplayaraq "TikTok" tarixindəki ən populyar videolar siyahısına düşüb. "TikTok" profilindən başqa, Linin enerji içkisi istehsalçısı "Bang"la müqaviləsi, 2 milyon izləyicisi olan "İnstaqram" hesabı var.
Spencer X isə "TikTok"u çoxdankı xəyalının ("Coachella" festivalının əsas bitbokseri olmaq) reallaşması üçün köməkçi bir platforma kimi qəbul edir. "Uno", "Oreo" və "Sony" ilə sponsorluq sazişi ona musiqi karyerasını davam etdirməyə kömək edir. Tiktoker özünün Hollivuddakı şəxsi mənzilində yaşayır.
Gənc ulduzun "İnstaqram"ında 1 milyona yaxın abunəçi var. "İnsanlara qeyri-mümkün kimi görünən bir çox şeyin mümkün olduğunu göstərmək istəyirəm", - deyə Spencer X bildirib. (Mediapost)