2025-ci ilin ilk rübü texnologiya istehsalı sahəsində diqqətəlayiq nəticələrlə yadda qaldı. Yanvar-mart aylarında ümumilikdə 50,9 milyon manatlıq kompüter, elektron, optik məhsullar və elektrik avadanlıqları istehsal olunub.
Azərbaycanda ən yüksək əmək haqqını bu sahələrdə çalışanlar alır - RƏQƏMLƏR
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əldə edilən statistikaya əsasən, 2025-ci ilin yanvar-mart aylarında 1640 ədəd stolüstü kompüter istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə tam 3,6 dəfə çoxdur. Noutbukların istehsalında isə əsl sıçrayış yaşanıb – 1402 ədəd noutbuk buraxılıb, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 75%-lik artım deməkdir.
Cari ilin ilk rübündə 115,5 min ədəd ölçmə cihazı istehsal olunub. Bu sahədə də 2,4 dəfə artım qeydə alınıb. Amma bütün sahələrdə eyni templə artım müşahidə olunmur. Güc transformatorlarının istehsalı 151 ədəd təşkil etsə də, bu sahədə 41,7 faiz azalma baş verib. Ümumilikdə elektrik avadanlıqlarının istehsalı isə ötən ilin eyni dövrünə nisbətən 2,4 faiz azalıb. Bundan əlavə, elektrik tənzimləyici cihazların istehsalında da 10,4 faiz azalma qeydə alınıb.
2025-ci ilin ilk rübü texnologiya istehsalı sahəsində ikili mənzərə yaradıb: kompüter, elektron və optik məhsullarda kəskin artım, elektrik avadanlıqlarında isə eniş. Bu tendensiya gələcəkdə texnologiya yönümlü sahələrə daha çox sərmayə qoyuluşunun olacağını göstərir.